REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xalqımızın şərəf salnaməsidir
Naxçıvan, 27 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığına və ölkənin davamlı inkişafına xidmət edən siyasi kurs inamla həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, ilk müstəqil dövlətimizin rəmzləri bərpa olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 28 May – Respublika Günü münasibətilə keçirilən tədbirdə bu barədə danışılıb.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək, 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb. Rektor tarixi gün münasibətilə konfrans iştirakçılarını təbrik edib və tariximizi tanıtmaq istiqamətində gəncləri daha da fəal olmağa səsləyib.
“Azərbaycan Xalq Cümhuriyyəti – şərəf və ləyaqət tariximiz” adlı çıxışında tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev Azərbaycan Xalq Cümhuriyyəti tarixini xalqımızın şərəf salnaməsi adlandıraraq, ilk demokratik respublikamızın yaradılmasından süqutuna qədər olan tarixi mərhələlərindən, cümhuriyyət qurucularının fəaliyyətlərindən ətraflı söhbət açıb.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olub, dövlət strukturları, nizami milli ordu yaradıb, Azərbaycan dilini dövlət dili elan edib. Həmçinin ölkənin milli sərhədlərini müəyyənləşdirib, rəsmi dövlət bayrağını qəbul edib, sosial və iqtisadi sahələrin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunub.
Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.