SİYASƏT


Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın azadlıq ideallarının təcəssümü idi

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın azadlıq ideallarının təcəssümü idi. Cümhuriyyət dövründə bütövlükdə Azərbaycan tarixini şərtləndirən addımlar atıldı.

AZƏRTAC xəbər verir ki, bu sözləri 28 May - Respublika Günü ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra Katibliyində video formatda keçirilən iclasda Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov qeyd edib ki, Cümhuriyyətin yaradılması ilə mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılması ideyası reallaşdırıldı. Qısa müddət mövcud olmasına baxmayaraq, Cümhuriyyət atdığı fövqəladə addımlarla yadda qaldı. Bildirilib ki, Azərbaycan hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, özünün praktik fəaliyyətində bunu təmin edib.

1990-cı illərin əvvəlində Azərbaycanda baş verən hadisələri xatırladan Baş Nazirin müavini xalqımızın xilaskar oğlu Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət müstəqilliyimizin qorunub saxlanıldığını, Ulu Öndərin ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirdiyini, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın bugünkü uğurları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb.

"Ulu öndər Heydər Əliyevin səsləndirdiyi "müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir" sözlərinin nə qədər doğru olduğunu görürük. Müasir müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. O dövrdə reallaşdıra bilmədiyimiz idealları biz bu gün gerçəkləşdiririk", - deyə Əli Əhmədov qeyd edib.

Milli Məclisin deputatlar, akademik Nizami Cəfərov, professor Anar İsgəndərov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Cümhuriyyətin elan edilməsinin imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, Xalq Cümhuriyyəti mövcud olduğu iki ilə yaxın müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsində tərəqqisinə böyük töhfələr verilib.

Qeyd edilib ki, müstəqilliyinin bərpasına nail olmaqla müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalıb, Cümhuriyyətin siyasi və mənəvi varisi kimi onun üçrəngli bayrağını, gerbini və himnini qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.