MƏDƏNİYYƏT
Azərbaycan “Xarıbülbül” festivalı ilə dünyaya bir daha bəyan etdi ki, Qarabağ milli musiqimizin və mədəniyyətimizin beşiyidir
Şuşa, 14 may, AZƏRTAC
Azərbaycanın mədəniyyət paytaxtı, milli musiqimizin beşiyi olan Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak etmək xalqımızın hər bir nümayəndəsi kimi, məni də hədsiz dərəcədə sevindirir. Mən 1989-cu ildə Ağdamdakı “İmarət” stadionunda keçirilmiş birinci festivalda çıxış etmişəm. Həmin vaxt cəmi altı yaşım var idi. Xoşbəxtəm ki, bu gün beşinci festivalda da iştirak edirəm.
Bu fikri V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak edən politoloq Səhər İsmayılova AZƏRTAC-a müsahibəsində deyib.
Festivalın üç dəfə keçirildikdən sonra Ermənistanın işğalı ilə əlaqədar otuz il ərzində təşkil olunmadığını vurğulayan Səhər İsmayılova deyib: “Ötən il dördüncü, bu gün isə beşinci festival keçirilir. Çox şadam ki, festivalda iştirak edirəm. Festival barədə çox gözəl təəssüratlarım var. Mən Şuşada sonuncu dəfə 1991-ci ildə olmuşdum. Qürur duyuram ki, otuz bir ildən sonra yenidən Şuşadayam. Şuşa çox gözəl, əsrarəngiz şəhər, milli mədəniyyətimizin və musiqimizin beşiyidir. Bu festivalla Azərbaycan yenidən dünyaya bildirdi ki, əzəli yurdumuz olan Qarabağ həqiqətən də milli musiqimizin və mədəniyyətimizin beşiyi, Şuşa isə onun paytaxtıdır”.
Festival çərçivəsində təşkil olunan konsertlərdə xarici ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycanda yaşayan müxtəlif etnik qrupların folklor ansambllarının çıxışlarının da böyük maraqla izlənildiyini vurğulayan politoloq qeyd edib: “Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan multikultural dövlətdir. Azərbaycanda yaşayan bütün xalqların, etnik azlıqların nümayəndələri qardaş, dost kimi mehriban şəraitdə yaşayırlar. Azərbaycan onlara qucaq açıb. Onlara öz mədəniyyətlərini, milli-mənəvi dəyərlərini, ənənələrini inkişaf etdirməyə şərait yaradır. Bu, bir daha göstərir ki, regionda sülhün, sabitliyin, əmin-amanlığın, dostluğun tərəfdarı olan Azərbaycan bunun üçün ciddi səy göstərir”.
Bağlanış mərasimində Azərbaycanın, Türkiyənin və Gürcüstanın folklor və dövlət ansambllarının çıxışlarının Şuşa səhnəsində unudulmaz təəssürat oyatdığını deyən Səhər İsmayılova bildirib: “Festivalla bağlı təəssüratlarım çox gözəldir. Nə xoşdur ki, bu gün biz buradayıq. Otuz bir ildən sonra Cıdır düzündən açılan möhtəşəm mənzərəni seyr edəndə sevinc və qürur hissindən göz yaşlarımı saxlaya bilmədim. Qəlbim fərəh hissləri ilə dolub-daşırdı. Çünki biz əziz Şuşamıza - əzəli və əbədi yurdumuza həmişəlik qayıtmışıq. Bunun üçün, ilk növbədə, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq. Allah dövlətimizi, xalqımızı və Müzəffər Ali Baş Komandanımızı hər zaman var etsin”.