İQTİSADİYYAT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas hədəfi müasir beynəlxalq gəmiçilik şirkətinin qurulmasıdır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2015-2020-ci illərdə strateji İnkişaf Konsepsiyası Dövlət Proqramının layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev məlumat verib
AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də səhmdar cəmiyyətin bir illik fəaliyyətinə həsr olunmuş hesabat yığıncağında məruzə ilə çıxış edən R.Vəliyev deyib ki, hazırda əsas hədəf müasir beynəlxalq gəmiçilik şirkətinin qurulmasıdır. Perspektiv planlara isə Xəzər dənizində mövqeyi gücləndirmək şərti ilə dünya sularına çıxışın təmin edilməsi, donanmanın yeniləşdirilməsi və sertifikatlaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi daxildir.
Qeyd edək ki, respublikada mövcud olan iki böyük donanma – Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması Prezident İlham Əliyevin 2013-cü il 22 oktyabr tarixli Sərəncamı ilə birləşdirilib və onların bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb.