İQTİSADİYYAT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə inşa olunacaq sərnişin gəmilərinin ilk polad lövhəsi kəsilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasının bir illiyində - oktyabrın 22-də Bakı gəmiqayırma zavodunda səhmdar cəmiyyətin sifarişi ilə inşa olunacaq sərnişin gəmilərinin ilk polad lövhəsi kəsilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Bakı gəmiqayırma zavodunun baş direktoru Keysi Lam müəssisənin Azərbaycan iqtisadiyyatındakı rolundan danışaraq, burada Sinqapurun gəmiqayırma sahəsindəki təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə əməkdaşlıq gələcək illərdə davam etdiriləcək. Qarşılıqlı fayda gətirəcək bu əməkdaşlıq Azərbaycanın inkişafına da öz töhfəsini verəcək.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov QSC-ni bir yaşı münasibətilə təbrik edərək, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin donanmasının müasirləşdirilməsi baxımından bu gün inşasına başlanılan gəmilərin əhəmiyyətini vurğuladı. Diqqətə çatdırıldı ki, gəmiqayırma zavodu ixrac potensialımızın gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qeyd etdi ki, Bakı gəmiqayırma zavodu Xəzər dənizində ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində önəmli rol oynayır. Zavodda inşa olunacaq gəmilər Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını müasirləşdirməyə imkan verəcək.
Daha sonra inşa olunacaq sərnişin gəmilərinin ilk polad lövhəsi kəsildi.
Bu il mayın 30-da imzalanmış müqaviləyə əsasən Bakı gəmiqayırma zavodu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sifarişi ilə hər biri 80 nəfər sərnişin tutumuna malik, uzunluğu 38,22, eni 8,2, suya oturumu 2,25 metr olacaq üç gəmi inşa edəcək.