İQTİSADİYYAT


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Yunanıstanda keçirilən sərgidə təmsil olunur

Bakı, 6 iyun, AZƏRTAC

Yunanıstanın paytaxtı Afinadakı “Metropolitan Expo” mərkəzində dünyanın ən böyük dənizçilik sərgilərindən sayılan XXV “Poseydoniya-2018” öz işinə başlayıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, builki sərgidə 160 illik yubileyini qeyd etməyə hazırlaşan və ölkənin qocaman şirkətlərindən biri – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi də öz stendi ilə təmsil olunur. Stenddə ölkəmizin dənizçilik sahəsi, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Gəmiqayırma Zavodu haqqında məlumatlar, videoçarxlar nümayiş etdirilib.

Stendin özəlliklərindən biri də burda yaradılan milli guşədir. Milli suvenir və əşyalarla bəzədilən guşədə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi tərənnüm olunur. Bütün bunlar gəmiçiliyin stendinə marağı bir qədər də artırıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgi çərçivəsində “B2B” formatında bir sıra işgüzar görüşlər keçirib, dənizçilik sahəsində nüfuzlu beynəlxalq şirkətlərlə müzakirələr aparıb. Danışıqlarda gəmiçiliyin fəaliyyət istiqamətləri, Xəzərdə və xarici sularda üzən donanmalar haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də təmsil olunduğu nüfuzlu biznes platformalardan sayılan və iki ildən bir keçirilən sərgidə bu il ümumilikdə 92 ölkədən 1900-dən çox şirkət iştirak edir. Bu da 2016-cı ildəki iştirakçıların sayından 16 faiz çoxdur. Onların arasında dənizçiliklə əlaqəli qurumlar, müxtəlif beynəlxalq təşkilatlar, təsnifat cəmiyyətləri, təhsil müəssisələri yer alıb. Sərgiyə dünyanın ən böyük gəmi istehsalçıları Çin, Yaponiya və Koreyadan da nümayəndələr qatılıb.

Sərgidə şirkətlər xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirməklə yanaşı, işgüzar əlaqələr də qurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.