İQTİSADİYYAT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin bilet sifarişi ilə bağlı təqdim etdiyi xidmətə maraq artır
Bakı, 18 dekabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin elektron bilet sifarişi ilə bağlı sentyabr ayından tətbiq etdiyi xidmətə maraq artıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədilə gerçəkləşdirilən bu xidmət növündən yararlananların sayında artım müşahidə olunur.
Xidmətdən istifadə üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır.
Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınmasını sifarişini https://public.acsc.az/online/payment/index/az/ internet ünvanına daxil olmaqla sifariş etmək mümkündür.
Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir.