CƏMİYYƏT


Azərbaycan Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edir

Bakı, 5 iyul, AZƏRTAC

Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə və dəyərə malik olan zəngin təbii sərvətləri ilə məşhurdur.

Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli enməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır. Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir.

Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bunu konfransa videoformatda qoşulan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir: "Təsadüfi deyil ki, keçən həftə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında da həmin məsələlərə xüsusi diqqət yetirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda çıxışı zamanı Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin enmə dinamikasının narahatlıq doğurduğunu, həmin problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu bildirib.

Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dənizin ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir.

Biz bu ekspedisiyaları zamanı toplanmış monitorinq məlumatları ilə bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq. Eyni zamanda, Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik. Burada regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi üçün hüquqi baza yaradan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın mühüm rolunu qeyd etmək lazımdır.

İnanıram ki, akademik sektor, müvafiq təşkilatların mütəxəssisləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlərin qoşulduğu konfrans Xəzər dənizinin ekoloji problemlərinin müzakirəsi və vəziyyətdən çıxış yollarının araşdırılması üçün platforma rolunu oynayacaq.

Bununla yanaşı, Xəzər dənizinin dayazlaşma səbəbləri, onun fəsadlarının yumşaldımasına yönəlmiş milli uyğunlaşma planları ilə yanaşı, regional uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi hər bir Xəzəryanı ölkənin dayanıqlı inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək. Konfransın işinə uğurlar arzu edirəm".

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.