SİYASƏT
Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Ermənistanın təxribatını pisləyən bəyanat yayıb
Tokio, 20 iyul, AZƏRTAC
Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatını pisləyən bəyanat yayıb.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən mərkəzin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, məqsəd iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə etməklə Azərbaycan ərazilərini atəşə tutması, yaşayış məntəqələrinin bombalanması və dinc əhaliyə qarşı hücumu barədə Yaponiya ictimaiyyətini ətraflı və obyektiv məlumatlandırmaqdır.
Yaponiya parlamentinə, hökumətinə, kütləvi informasiya vasitələrinə və beyin mərkəzlərinə ünvanlanan bəyanatın mətnində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində 11 hərbçinin və bir mülki vətəndaşın öldürülməsi öz əksini tapıb. Qeyd edilib ki, illərdir davam edən atəşkəs rejiminin ciddi şəkildə pozulmasının hədəfi Azərbaycanın strateji mövqelərini ələ keçirməkdir.
Vurğulanıb ki, Ermənistan bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bu çətin dövrdə öz mənfur və riyakar niyyətlərini davam etdirir.
Tovuz rayonunun Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən 300 kilometr məsafədə yerləşdiyinin qeyd edildiyi bəyanatda məqsədin digər dövlətlərin münaqişəyə cəlb edilməsindən ibarət olduğu da bildirilir.
Qeyd edilir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti ağır iqtisadi böhranla nəticələnən daxili problemləri həll edə bilmədiyinə görə xalqın diqqətini başqa istiqamətə yönəltməyə çalışır.
Bəyanatda 1990-cı ilin əvvəllərindən Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, bir milyondan çox insanın ata-baba torpaqlarından didərgin düşdüyü də qeyd edilir.
Vurğulanır ki, Ermənistanın hərbi işğal siyasəti BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrində də öz əksini tapıb. Həmin qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, bu ölkənin rəhbərliyi həmin tələbi yerinə yetirməkdən imtina edir.
Bildirilir ki, Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllinə, hər iki xalqın dinc yanaşı yaşamasına tərəfdardır. Bununla yanaşı, Azərbaycan, həmçinin öz ərazilərini azad etmək və xalqının təhlükəsizliyini təmin etmək hüququna malikdir. Buna görə də hər hansı bir erməni təxribatı həmişə Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə üzləşəcək. Ermənistan xalqı və hökuməti başa düşməlidir ki, Azərbaycan Ordusu Ermənistanın istənilən hərbi təxribatının qarşısını almağa qadirdir.
Vurğulanır ki, bir qrup insanın öz mənafelərinə xidmət siyasəti erməni xalqını daha ciddi təcridə və uçuruma aparır. Buna görə də Ermənistanın üzləşdiyi ciddi iqtisadi, sosial və siyasi problemlərin həlli üçün sülh vacibdir.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzi bütün dünyada yaşayan azərbaycanlılarla birlikdə Ermənistan hökumətinin sülh danışıqlarını pozmağa yönəlmiş bu təxribatçı hərəkətlərini qətiyyətlə pisləyir. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün canlarından keçmiş şəhidlərimizin ailələrinə və xalqımıza dərin hüznlə başsağlığı verir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio