SİYASƏT


Azərbaycan-Yaponiya Dostluq Mərkəzi müstəqilliyin bərpasının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

Tokio, 18 oktyabr, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər məlumat verib.

Yaponiya parlamentinə, Xarici İşlər Nazirliyinə, KİV-ə, beyin mərkəzlərinə və qeyri-hökumət təşkilatlarına göndərilən bəyanatın mətnində deyilir ki, bu gün bütün dünyanın müstəqil dövlət kimi tanıdığı Azərbaycan 1918-ci ildə qurulan və tarixən şərqdə ilk dünyəvi və demokratik respublika kimi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1920-ci ildə bolşevik işğalı nəticəsində müstəqilliyini itirən Azərbaycan Respublikası ötən əsrin 90-cı illərinin sonlarında yenidən müstəqilliyini bərpa etməyə nail oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin qəbul etdiyi İstiqlal Bəyannaməsi nəticəsində Azərbaycan müstəqilliyini bərpa etdi.

Sənəddə bildirilir ki, bu gün müstəqilliyin bərpasının 30-cu ildönümünü qeyd edən Azərbaycan bütün dünyada etibarlı beynəlxalq tərəfdaş, regional və qlobal əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı kimi tanınıb. Böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Vurğulanır ki, Azərbaycan regional əməkdaşlıq çərçivəsində beynəlxalq çəkisini durmadan artıraraq, yeni çoxtərəfli qurumların və platformaların yaradılmasının təşəbbüskarı kimi çıxış edir.

Bəyanatda Azərbaycanın ötən il vətən müharibəsində qazandığı böyük Zəfərə - 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında saxlanan ərazilərin azad edilməsinə də xüsusi toxunulur. Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı ilə azad edilən ərazilərdə böyük bərpa və quruculuq işlərinin başlanmasına xüsusi diqqət yetirilir. Bu işdə Yaponiya şirkətlərinin fəal iştirakına görə minnətdarlıq ifadə edilir. Bildirilir ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olan Yaponiya iki ölkə arasında münasibətlərin inkişafına xüsusi önəm verir və bu, həm Azərbaycan hökuməti, həm də xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.