CƏMİYYƏT
“Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda seminar keçirilib
Bakı, 24 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Bakı Metropoliteni” QSC arasında imzalanmış memoranduma əsasən mayın 24-də “Bakı Metropoliteni”nin təlim-tədris mərkəzində metropoliten əməkdaşları üçün “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva memoranduma əsasən keçirilən tədbirin əsas məqsədinin ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində insanların maarifləndirilməsi olduğunu söyləyib. O deyib ki, ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli və vətəndaş hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycanda ailələrin milli-mənəvi dəyərlər üzərində qurulması və qorunması siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və dövlətimizin başçısı İlham Əliyev bu gün bu siyasəti uğurla davam etdirir. Ailə siyasəti ölkəmizdə prioritet istiqamətlərdəndir. Bu sahədə Azərbaycanda güclü qanunvericilik bazası formalaşıb.
“Bakı Metropoliteni” QSC-nin sədrinin müavini Hidayət Məmmədov qeyd edib ki, hər iki dövlət qurumunun birgə əməkdaşlığı nəticəsində ailələrin rifahının, gender bərabərliyinin, uşaqların sağlam inkişafının təmin edilməsi istiqamətində həyata keçiriləcək sosial layihələr cəmiyyətimizə əhəmiyyətli töhfə verəcək. Memoranduma əsasən Dövlət Komitəsi tərəfindən Bakı Metropoliteninin əməkdaşları üçün ailə-nikah münasibətləri, erkən nikah, məişət zorakılığı və uşaq baxımsızlığı mövzularında təlimlər təşkil ediləcək.
AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri professor Rəna Mirzəzadə çıxışında gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaşlar kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasında önəmini vurğulayıb. O, ailə institutuna təsirlərin aradan qaldırılmasında cəmiyyətin əsas rolunun olduğunu qeyd edib. Bildirib ki, hər ailənin öz qanunları var, lakin hər kəs də qanunvericiliyin tələblərinə riayət etməlidir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.