CƏMİYYƏT


“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb VİDEO

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi-2019” film festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.

Məlumat verilib ki, 2009-cu ildən reallaşdırılan “Azərbaycan ailəsi” film festivalının məqsədi kinematoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği və qorunması, bu sahədəki problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkarlanmasıdır. Artıq beşinci ildir ki, festival çərçivəsində “Həyatdan şəkilə” adlı fotomüsabiqə də keçirilir.

Festivala təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Festivalda “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial çarx”, “Sosial şəbəkədə ən çox bəyənilən film”, “Ən yaxşı fotoşəkil” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb. Eyni zamanda, festivalın məqsədinə və ideyasına uyğun olan filmlər də xüsusi mükafatlara layiq görülüb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dünyamızda ailə anlayışı sosial institut kimi böyük əhəmiyyət kəsb edir. Ailəni vətəndaş cəmiyyətinin formalaşmasında əsas element kimi dəyərləndirən komitə sədri qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət yetirirdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ailənin cəmiyyətdəki rolunu yüksək qiymətləndirir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Bu məsələləri hər zaman diqqət mərkəzində saxlayan Birinci vitse-prezident Mehriban Əliyeva da ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir, qaçqın və məcburi köçkün ailələrə xüsusi qayğı göstərir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Fərid Babayev festivalın ailə dəyərlərinin qorunmasına və təbliğinə xidmət etdiyini bildirib. Azərbaycanda ailə institutunun qorunması ilə bağlı geniş tədbirlərin görüldüyünü deyən F.Babayev əlavə edib ki, mənəvi sərvətimiz hesab olunan ailə cəmiyyətimizin özəyidir. Azərbaycanın dövlət siyasətində ailəyə qayğı mühüm önəm kəsb edir. Festivalın beynəlxalq nüfuzu ildən-ilə artır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova qalibləri, yaradıcı gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu festival vasitəsilə yaradıcı insanlar öz potensiallarını beynəlxalq aləmdə təbliğ etmək imkanı qazanırlar. Bu festivalın geniş auditoriyaya malik olmasının əsas səbəblərindən biri onun təşkilatçıları sırasında Heydər Əliyev Fondunun olmasıdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu məsələ önəmli yer tutur.

Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2019” film festivalının və “Həyatdan şəkilə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün təşkilat komitəsinə 2 bədii film, 6 televiziya verilişi, 9 sənədli film, 14 tələbə filmi, 3 xarici film, 6 sosial çarx, vətənpərvərlik mövzusunda 7 film, “Həyatdan şəkilə” adlı foto müsabiqəyə isə 21 iştirakçı tərəfindən 78 fotoşəkil təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.