REGİONLAR
Azərbaycan ailəsi milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdır
Zaqatala, 17 may, Mustafa Dadaşov, AZƏRTAC
Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Beynəlxalq Ailə Günü münasibətilə mayın 16-da Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə rayonun uzunömürlü ailələrindən olan 67 il birgə ömür sürmüş Həsənovlar ailəsi, 53 il evlilikləri olan Əlixanovlar ailəsi, həmçinin orta və gənc nəslin nümayəndələri iştirak ediblər.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, Zaqatala UADM-nin direktoru Cövhərət İbrahimova çıxış edərək, cəmiyyətin inkişafında ailənin yeri və rolundan danışıblar. Vurğulanıb ki, qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulan Azərbaycan ailəsi milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdır. Ailə məsələləri bu gün həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.
Tədbirə dəvət olunan qonaqlar ailə dəyərlərinin müqəddəsliyindən danışıb, gənc ailələrə tövsiyələrini bildiriblər.