ELM VƏ TƏHSİL
Azərbaycan alimi Qırğızıstan Mühəndislik Akademiyasına fəxri üzv seçilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Canəhmədov Qırğız Respublikası Mühəndislik Akademiyasının İdarə Heyətinin qərarı ilə akademiyanın fəxri akademiki adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, alim bu ada mühəndislik elminin inkişafındakı xidmətlərinə, peşəkar mühəndis kadrlarının hazırlanmasında, böyük layihələrin reallaşdırılmasında fəal iştirakına və dövlətlərarası elmi-texniki əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Əhəd Canəhmədov bir sıra xarici ölkə akademiyalarının həqiqi və fəxri üzvüdür. O, 400-dək elmi əsərin, o cümlədən elmi kəşflərin, 15-ə yaxın monoqrafiya, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş elmi-kütləvi kitabların müəllifidir. Alimin bir neçə fundamental əsəri ABŞ-ın məşhur “SPRİNGER” nəşriyyatında və Almaniyada çapdan çıxıb. Bu günlərdə onun “Elastomerlər Tribologiyasına fraktal yanaşma” (Fractal approach to Tribology of Elastomers) adlı 400 səhifəlik yeni monoqrafiyası “SPRİNGER” nəşriyyatında çapdan çıxıb və oxucuların istifadəsinə verilib.