ELM VƏ TƏHSİL
Azərbaycan alimi “Rijk Zvaan” şirkətinin kənd təsərrüfatı bitkiləri üzrə elmi-tədqiqat imkanları ilə tanış olub
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Niderland Krallığında kənd təsərrüfatı bitkilərinin tədqiqi, seleksiyası və toxumçuluğu üzrə ölkənin ən tanınmış tədqiqat və istehsal müəssisəsi olan “Rijk Zvaan” şirkətinin dəvəti ilə bu ölkəyə səfər edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi “Rijk Zvaan” şirkəti ilə tanış olmaq, qarşılıqlı material, texnologiya və alim mübadiləsi, birgə tədqiqat və gənc kadrların hazırlanması üzrə əməkdaşlıq imkanlarını araşdırmaq, genetik ehtiyatların toplanılması üzrə ekspedisiyaların təşkili məsələlərini müzakirə etmək və planlaşdırmaq olub.
Səfər çərçivəsində Zeynal Əkpərov “Rijk Zvaan” şirkətinin kənd təsərrüfatı bitkiləri, xüsusən də biotexnologiyalardan geniş istifadə etməklə tərəvəz bitkilərinin seleksiya və toxumçuluğu üzrə qazandığı çoxillik böyük təcrübəsi, elmi-tədqiqat imkanları ilə tanış olub.
Keçirilən seminar və görüşlərdə Z.Əkpərov ölkəmizin zəngin aqrobiomüxtəlifliyi, onun öyrənilmə və qorunma vəziyyəti, aqrar və biologiya elmləri sahələrində Azərbaycanda dövlətin dəstəyi ilə yaradılan elmi-texniki və kadr potensialı haqqında ətraflı məlumat verib, birgə multidissiplinar tədqiqatların tərəflər üçün böyük fayda verə biləcəyini qeyd edib.
Görüşlərdə əldə edilən bir sıra razılaşmalar əsasında yaxın zamanlarda əməkdaşlıq müqavilələri imzalanacaq.