ELM VƏ TƏHSİL
Azərbaycan alimi erməni vandalizminin nəticələrini görmək üçün UNESCO-nun nümayəndələrini ölkəmizə dəvət edib
Bakı, 26 noyabr, AZƏRTAC
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev UNESCO-nun "Qədim hidravlik qurğular- kəhrizlər" üzrə dövlətlərarası idarə heyətini üzvü kimi 9-cu iclasında “Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminə məruz qalmış kəhrizlər” mövzusunda onlayn məruzə edib.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı alim işğal olunan ərazilərimizin beş rayonunda 332 kəhrizin otuz il müddətində erməni əsirliyində qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Cəbrayıl rayonu ərazisində 111, Füzuli rayonunda 71, Ağdamda 98, Qarabağda 52 kəhriz olub. Bu kəhrizlərin su sərfi saniyədə 3,743 kubmetr, il ərzində əldə olunan suyun həcmi isə 119,7 milyon kubmetr təşkil edir. Bu, heç də az rəqəm deyil. Kəhrizlər ən çox suya ehtiyacı olan bölgələrdə, çay olmayan, lakin zəngin yeraltı suyu olan maili düzənliklərdə və çay yataqlarında qazılardı. Məhz qeyd olunan rayonlarda çay şəbəkəsi zəif, yeraltı sular isə bol olduğundan ta qədimdən bu yerlərdə kəhrizdən istifadə olunub.
Alim diqqətə çatdırıb ki, xalqımızın qədim irs abidələri olan kəhrizlər yaşayış məntəqələrinə xidmət etməklə əhalini içməli və suvarma suyu ilə təmin edib, oturaq mədəniyyətin əsasını qoyub. Yəni azərbaycanlılar tarixən köçəri xalq olmayıb. Kəhrizlər üzərində müxtəlif memarlıq üslubunda inşa edilmiş “qırxpillələr”, “ərzaqsaxlama salxancları”, “hava sərinkeşlər” mövcuddur.
Azərbaycanın bir çox yerlərində bu abidələr günümüzədək saxlanmaqdadır. 2016-cı ildə Ağdamın Quzanlı qəsəbəsinin ətrafında kəhriz tədqiqatı apararkən aldığımız məlumata görə, müharibə dövründə ermənilər insan cəsədlərini, yaralıları, habelə işgəncə verdikləri adamları diri-diri kəhriz quyularına atıblar. Döyüş bölgəsinə yaxın yerlərdə həftələrlə insan iniltisi, imdad səsi gəlirmiş. Bu vəziyyət bütün ərazilərdə müşahidə edilib. Bunu əsir düşmüş erməni əsgərləri demişlər.
Azərbaycanın kəhriz mədəniyyəti tarixindən bəhs edən məruzəçi qeyd edib ki, ermənilər kəhrizləri tamamilə dağıdıb, bəzilərinin isə girişlərini minalayıblar. Bəzi kəhrizlərə kimyəvi tullantılar və zəhərli maddələr atılıb.
Sonda torpaqşünas alim erməni vandalizminə məruz qalmış yaşayış məntəqələrimizin və kəhriz abidələrimizin dağıdılmasını yaxından görmək üçün UNESCO-nun nümayəndələrini Azərbaycana dəvət edib.