ELM VƏ TƏHSİL
Azərbaycan alimi iqtisadi artım perspektivlərinə həsr olunan beynəlxalq tədbirdə çıxış edib
Bakı, 12 aprel, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Moskva Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəb”inin Dünya iqtisadiyyatı şöbəsinin, Avrasiya İnkişaf Bankının və Avrasiya Stabilizasiya və İnkişaf Fondunun təşkilatçılığı ilə “Avrasiya İqtisadi Birliyi ölkələrinin iqtisadi artımının ortamüddətli perspektivləri” mövzusunda keçirilən onlayn beynəlxalq elmi seminarda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda COVID-19 pandemiyasının yaratdığı böhrandan qaynaqlanan qlobal tendensiyalar (rəqəmsallaşmanın sürətlənməsi, yaşıl iqtisadiyyatın inkişafı və dünya ticarətində proteksionizmin dərinləşməsi və s.), böhrandan sonrakı bərpa çağırışları (rəqəmsal uçurum, işsizlik və təhsil almaq imkanı, əmək məhsuldarlığı artımının zəifləməsi kimi qlobal iqtisadi tendensiyalar (iş aktivliyinin bərpası, aktiv inflyasiyası), Avrasiya İqtisadi Birliyi ölkələrinin iqtisadiyyatının ortamüddətli inkişaf perspektivləri, Orta Asiya üçün iqtisadi inteqrasiya və perspektivlər mövzusunda məsələlər müzakirə edilib.
Elmi seminarda müzakirə olunan məsələlərə dair fikirlərini bölüşən dosent Əlövsət Əliyev inkişaf etmiş dövlətlər və Avrasiya İqtisadi Birliyi ölkələrinin iqtisadi artımı üzrə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib. Dünya iqtisadiyyatının yaşıllaşdırılması və rəqəmsallaşdırılmasında rəqəmsal, İKT əsaslı texnologiyaların əhəmiyyətini önə çəkib. Ə.Əliyev, həmçinin bilik, elmtutumlu, innovativ iqtisadiyyatdan rəqəmsal iqtisadiyyata keçidin formalaşması mexanizmlərinin işlənilməsindən söz açıb. Avrasiya İqtisadi Birliyi ölkələrinin iqtisadi artımı üzrə əldə olunan müsbət nəticələrin dünya ölkələri iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verə biləcəyini vurğulayıb.