ELM VƏ TƏHSİL
Azərbaycan alimi nüfuzlu jurnalın redaksiyasının məsləhət şurasına üzv seçilib
Bakı, 16 sentyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Review of Computer Engineering Research” beynəlxalq elmi jurnalının redaksiya məsləhət şurasına üzv seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalda kompüter mühəndisliyi elminin bütün sahələrinə aid tədqiqat materialları, icmallar və məqalələr dərc olunur.
Kompüter elmləri, kompüter qrafikası və virtual reallıq, kompüter qrafikası və multimedia, kompüter modelləşdirilməsi, proqram mühəndisliyi, proqram təminatı, “Soft Computing”, biometrik texnologiya, mobil hesablama, modelləşdirmə və simulyasiya, multimedia proqramı, sistem və xidmətləri jurnalın əsas elmi istiqamətləridir.
Qeyd edək ki, “The Conscientia Beam” Akademik Nəşriyyat Qrupu tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “RePEc” və “Q-Sensei” (Almaniya), “CNKI Scholar”, “China National Scientific Reports Database”, və “China Citations Database” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə), “Socionet” (Rusiya) və digər bazalarda indeksləşir.