ELM VƏ TƏHSİL
Azərbaycan aliminin məqaləsi nüfuzlu elmi jurnalda dərc edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Proqram təminatının yaradılmasının texnoloji prosesinin təşkili üsulları” sərlövhəli məqaləsi “Review of Information Engineering and Applications” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə proqram təminatının yaradılmasının texnoloji prosesinin təşkili üsulları haqqında məlumat verilib. İnformasiyanın emalı prosesində insanlar, texnologiya və prosesin qarşılıqlı əlaqəsi araşdırılıb, texnoloji proseslərin növləri və proqram təminatının işlənilməsi prosesinin modelləri təhlil edilib. Həmçinin texnoloji-innovasiya prosesinin mərhələlərində görülən işlərin izahı verilib, proqram təminatının işlənilməsinin texnoloji prosesinin effektiv təşkili üsulları göstərilib, texnoloji prosesin çatışmayan cəhətləri araşdırılıb. Proqram layihələri üçün mümkün risklər və onların aradan qaldırılması yolları göstərilib.
“The Conscientia Beam” Akademik Nəşriyyat Qrupu tərəfindən nəşr olunan jurnal “RePEc” (Almaniya), “CNKI Scholar” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə) bazalarında indeksləşir.