ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Monteneqroda keçirilən beynəlxalq konfransda iştirak ediblər
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun (RPİ) polimerlərin və elektroaktiv kompozit materialların radiasiya fizikası laboratoriyasının rəhbəri, professor Arif Məhərrəmov, radiobiologiya laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Elimxan Cəfərov və aparıcı elmi işçisi, dosent Mətanət Mehrabova Monteneqronun Herceq Novi şəhərində “Müxtəlif tədqiqat sahələrində radiasiya” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mətanət Mehrabovanın “Cd1-xMnxTe(Se) yarımmaqnit yarımkeçiricilərində defektlərin zona quruluşunun təməl prinsiplərdən hesablanması və γ-şüalanmanın onlar əsasında epitaksial təbəqələrin optik xassələrinə təsiri” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb.
Konfrans çərçivəsində RPİ-nin əməkdaşları tanınmış elm mərkəzlərindən olan alimlərlə birgə elmi fəaliyyət planları ətrafında müzakirələr aparıblar.