REGİONLAR
Azərbaycan alimləri Qarabağ Elmi-Tədqiqat Bazasının bərpa olunmasına görə Müzəffər Ali Baş Komandana minnətdardırlar
Tərtər, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində keçirilən, Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarının iştirakçıları Tərtərin Suqovuşan qəsəbəsində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və digər tədbir iştirakçılarına uzun müddət düşmən tapdağı altında olmuş və tamamilə sıradan çıxmış, dağıdılmış qəsəbənin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilib.
Bildirilib ki, Suqovuşanın işğaldan azad olunması ilə Tərtər, Bərdə, Goranboy, Yevlax rayonlarının təxminən 30 min hektardan çox torpaq sahəsinə ilk dəfə su verilib. Suqovuşandan gələn suyun idarə olunması üçün Xan arxının layihəsinin də artıq yekunlaşma mərhələsində olduğu vurğulanıb.
Səfərdə iştirak edən alim və tədqiqatçılar Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə işğaldan azad olunmuş ərazilərin, o cümlədən AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının bərpa edilməsinə görə minnətdarlıqlarını ifadə ediblər.