ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Rusiyada beynəlxalq tədbirdə çıxış ediblər
Bakı, 22 sentyabr, AZƏRTAC
Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində “Kleylər və qermetiklər sahəsində müasir nailiyyətlər: xammal, material və texnologiya” mövzusunda ikinci beynəlxalq elmi-texniki konfrans keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları - professor Minavər İbrahimova və elmi işçi, doktorant Ziyarət Paşayeva iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda M.İbrahimovanın NKPİ-də uzun illər ərzində aparılmış tədqiqatlar üzrə “Polifunksional monomerlər, makromonomerlər, onların əsasında reaksiyaya qabil polimer və birgə polimerlərin perspektiv sintez yolları”, Z.Paşayevanın “yaşıl kimya” texnologiyalarının yaradılması sahəsində tədqiqatlara həsr olunan “Metakril turşusunun desil efirinin ion mayelərinin katalitik sistem və həlledici kimi iştirakı ilə sintezi və polimerləşməsi” mövzularında məruzələri dinlənilib.
ABŞ, Almaniya, Rusiya, Belarus, İsrail və digər ölkələrin alim və mütəxəssislərinin iştirak etdikləri tədbirdə Z.Paşeyavanın məruzəsi gənc alimlər arasında ikinci yerə layiq görülüb, diplomla mükafatlandırılıb.