ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Şərq Tərəfdaşlığı Panelinin qeyri-rəsmi işçi qrupunun iclasında iştirak ediblər
Bakı, 8 iyun, AZƏRTAC
Moldovanın paytaxtı Kişineu şəhərində Tədqiqat və innovasiyalar üzrə Şərq Tərəfdaşlığı (ŞT) Panelinin qeyri-rəsmi işçi qrupunun 5-ci toplantısı keçirilib.
Tədbirdə ŞT ölkələrinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının (AK) tədqiqat və innovasiyalar, təhsil və mədəniyyət üzrə Baş Direktorluğunun və digər müvafiq qurumlarının rəsmiləri, Avropaya üzv dövlətlərin müvafiq təşkilatlarının və Türkiyədən TÜBİTAK-ın mütəxəssisləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva “Horizon Avropa” proqramında iştirak da daxil olmaqla, ŞT ölkələrində tədqiqat və innovasiya prioritetlərinin həyata keçirilməsi, o cümlədən yaşıl və rəqəmsal keçidlərin dəstəklənməsi üzrə fəaliyyətlərə həsr edilmiş sessiyada çıxış edib. O, 2022-ci ilin iyulunda ölkə Prezidenti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair Sərəncamın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu sənəd yaşıl enerjiyə keçidlə bağlı innovasiyalar üçün ekosistemin yaradılmasının vacibliyini vurğulayır, startaplara və tədqiqat karyerasına dəstəyi, elmi-tədqiqat potensialının gücləndirilməsi üçün təşviq mexanizmlərinin hazırlanmasını, həmçinin “Rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi” üzrə fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycanda rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanmasını hədəfləyir. Milli təşəbbüslər rəqəmsallaşma və innovasiya, təmiz ətraf mühit və yaşıl artım ölkəsi strategiyalarını əhatə edir və yaşıl hidrogen üzrə böyük layihələr həyata keçirilib.
E.Əlirzayeva bildirib ki, elmi-tədqiqat və innovasiyalar üçün infrastrukturun təkmilləşdirilməsi məqsədilə 2022-ci ilin dekabrında Nazirlər Kabineti tərəfindən “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsinə görə ödənilən xidmət haqları”nın təsdiq edilməsi və “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarlar qəbul edilib. Texnologiya və innovasiya üzrə İşçi qrupunun fəaliyyəti çərçivəsində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (h-indeks) yaxşılaşdırılması üzrə 2023-cü il üçün Yol Xəritəsi” həyata keçirilib. Məruzəçi qeyd edib ki, doktorantların mobilliyini dəstəkləyən Dövlət Proqramı fəaliyyətini davam etdirir. Eyni zamanda, “Horizon Avropa” proqramında iştirak fəallığının yüksəldilməsi məqsədilə AMEA tərəfindən koordinasiya olunan Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvlər, həmçinin AK-nın ekspertlərinin iştirakı ilə Azərbaycanda məlumat günləri və təlimlər keçirilir.
Avropa Tədqiqatları Mərkəzi və COST Fəaliyyəti üzrə milli əlaqələndirici şəxs (MƏŞ) İlham Hümbətov və Bakı Mühəndislik Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri, Cəmiyyət üçün mülki təhlükəsizlik üzrə MƏŞ Sevil İmanova beynəlxalq əməkdaşlıq, dəyərlər və prinsiplərə həsr edilmiş müzakirələrdə iştirak ediblər.
İ.Hümbətov Azərbaycan Respublikası və Avropa ölkələri arasında elmi əməkdaşlıq, ölkəmizin elmi prioritetləri, o cümlədən “yaşıl hidrogen” və digər bərpa olunan enerji resurslarının hasilatı, bu istiqamətdə aparılan tədqiqatlar, həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası sahəsində nailiyyətlər haqqında məlumat verib.
Sevil İmanova Azərbaycan universitetlərinin Avropanın müxtəlif qabaqcıl elm və təhsil qurumları ilə əməkdaşlığının genişləndiyini bildirib. Qeyd edilib ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və digər təhsil müəssisələri 15-ə yaxın Avropa universiteti ilə birlikdə Erasmus KA1 və KA2 layihələrində fəal iştirak edirlər. Almaniya, Fransa, İtaliya və başqa ölkələrin universitetləri ilə əməkdaşlıq daha sıxdır və bu əməkdaşlıqlar çərçivəsində universitet alimləri müştərək tədqiqatlara qoşulur.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar üzrə Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Elsevər Lətifli və Avropa İnnovasiya Şurası və Avropa İnnovasiya Ekosistemi üzrə MƏŞ Ləman Qənbərova ŞT ölkələrinin innovasiya fəaliyyətləri üzrə təcrübəsinə dair dəyirmi masada iştirak ediblər.
Elsevər Lətifli İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən rəqəmsallaşma, innovasiya, rəqəmsal iqtisadiyyat, xüsusilə rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanması üzrə fəaliyyət haqqında məlumat verib. Ləman Qənbərova hazırda fəaliyyət göstərən və yerli biznes qurumlarının müasir texnologiyalar və texnoloji həllərlə təminini, innovativ elmi tədqiqatları dəstəkləyən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) haqqında söz açıb.
“Horizon Avropa” proqramı üzrə Birgə Tədqiqat Mərkəzi üzrə milli əlaqələndirici şəxs, dosent Rüfət Efendiyev ŞT ölkələrinin ağıllı ixtisaslaşma və texnologiya transferi sahəsində hazırkı vəziyyəti mövzusuna həsr edilmiş sessiyada iştirak edib. O, Ağıllı İxtisaslaşma Strategiyalarının (S3) hədəfləri və Azərbaycanda bu proqramın inkişaf perspektivlərini müzakirə edib. Qeyd edib ki, Azərbaycan üçün prioritet sahələr üzrə müzakirələr davam etdirilir və bu istiqamətdə Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin müvafiq mütəxəssisləri ilə görüşlər keçirilir, təkliflər verilir. Məruzəçi, həmçinin AK-nın dəstəyi ilə Azərbaycanda həyata keçirilən və ağıllı ixtisaslaşma komponentini özündə ehtiva edən EU4Lankaran layihəsinin rəhbəri və iştirakçıları ilə keçirilən müzakirələri diqqətə çatdırıb.
AK rəsmiləri Azərbaycan nümayəndə heyətinə toplantının bütün mövzuları üzrə müzakirələrdə fəal iştiraklarına görə təşəkkür ediblər.