ELM VƏ TƏHSİL


Azərbaycan alimləri şoranlaşmış torpaqların bərpası üçün yeni elmi üsul kəşf ediblər

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri respublikada yararsız torpaqların bərpası və inkişafı üçün yeni elmi üsul təklif ediblər. Belə ki, onlar dağ-mədən və neft sənayesi tullantılarının yenidən istifadə üsulunu kəşf ediblər. Alimlərin bu elmi nəticəsi artıq patentləşdirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu ixtira üzərində institutun geoekologiya şöbəsinin baş elmi işçisi, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərlik etdiyi 11 alimdən ibarət qrup işləyib. Nəticədə şoranlaşmış torpaqların istifadə ediləcək vəziyyətə gətirilməsi üçün əlavə olunan çoxkomponentli materiallar neft quyularının qazılmasından alınan tükənməz ehtiyata malik şlam və yerli Xızı gili əsasında alınıb. Həmçinin Gədəbəyin mədən suyu və azotla modifikasiya olunmuş turş məhlul əsasında çoxkomponentli qidaverici elementlərlə zəngin kompleks birləşməsinin alınması nəzərdə tutulub.

Yeni ixtira ilə bağlı institut direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirib ki, ölkəmizin kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş 1.450.000 hektar torpaq sahəsinin təxminən 450 min hektarı şoranlaşmış və münbitliyini itirmiş torpaqlardır. O deyib “İxtiranın reallaşmasında həm yerli, həm də xarici investorların iştirakı qaçılmazdır. Çünki belə bir üsul ölkəmizdə ilk dəfədir tətbiq olunur. Bununla belə ondan ekoloji və iqtisadi baxımdan çox faydalı gözləntilərimiz var”.

D.Hüseynov bildirib ki, yeni ixtiranın səmərə müddəti onun hansı əkin sahəsinə və birillik, eləcə də çoxillik bitkilərə tətbiq ediləcəyindən asılıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.