ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin Dövlət Mükafatına təqdim olunmuş əsərləri nüfuzlu elmi müəssisələr tərəfindən təqdir edilib

Bakı, 21 may, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutu (GGİ) alimlərinin həmmüəllifi olduqları əsərlər “Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları” ümumi başlığı ilə 2020-ci ilin Dövlət Mükafatına təqdim olunub.

Əsərlərə “Azərbaycanın geologiyası” (3 cild), “Azərbaycanın geologiyası” (8 cild, rus dilində), “Geoscience of Azerbaijan” (2 cild, ingilis dilində), “Azərbaycanın məhsuldar qatı” (rus dilində), “Dünyanın palçıq vulkanları atlası” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycanın filiz yataqları atlası” (Azərbaycan və rus dillərində) və “Azərbaycan mineralları” atlası (Azərbaycan, ingilis və rus dillərində) daxildir.

Nəşrlərin həmmüəllifləri - akademiklər Fəxrəddin Qədirov və Pərviz Məmmədov, mərhum akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvləri Dadaş Hüseynov, Tələt Kəngərli, Qurban Yetirmişli, professor Cəbrayıl Azadəliyev, geologiya-mineralogiya elmləri doktorları Muxtar Rüstəmov, Rahid Rəhmanov və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Solmaz Vəlizadədir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institut alimlərinin Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim edilmiş əsərləri dünyanın bir sıra elmi müəssisələrində geniş müzakirə edilib və dəstəklənib. Həmin müzakirə iclaslarının protokolundan çıxarışlar GGİ-yə göndərilib. Gürcüstan Milli Elmlər Akademiyası, Fransanın “İnstitut des sciences de la terra de Paris”, Təl-Əvivin bir sıra elmi müəssisə və universitetləri, eləcə də Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu, Almaniyanın “ZENTRALBLATT für Geologie und Palaontologie” elmi təşkilatı və digər elm mərkəzləri azərbaycanlı həmkarlarının nailiyyətlərini təqdir ediblər.

Bununla yanaşı, respublikamızın bir sıra elmi müəssisələrində “Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları” mövzusu geniş müzakirə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Texniki Şurasının Geologiya bölməsinin iclasında əsərlərin elmi və tətbiqi əhəmiyyəti, iddiaçıların Azərbaycan geologiya elminin inkişafında rolu nəzərə alınaraq, onların Dövlət Mükafatına təqdim edilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.