ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin Polşada antik dövr arxeologiyası üzrə məruzələri maraqla qarşılanıb
Bakı, 18 iyun, AZƏRTAC
Polşada “Roma və Cənubi Qafqaz – imperiya qonşuluğunun təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Varşava Universitetinin Arxeologiya İnstitutu tərəfindən təşkil olunan konfransda Azərbaycan, Almaniya, Polşa, Fransa və Gürcüstanın antik dövr üzrə arxeoloqları və tarixçiləri iştirak ediblər.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli konfransda məruzə ilə çıxış ediblər.
Konfransda Zaur Həsənovun “Qafqaz və Albaniya birinci minilliyin əvvəlində – Roma imperiyası və Sarmatlar problemi kontekstində” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi antik mənbələrdə haqqında danışılan Amu-Dərya çayından Uzboy çayı üzərindən Xəzər dənizinə gedən və sonra Albaniya üzərindən Kür çayı ilə Gürcüstan ərazisində Rioni çayına qədər uzanan ticarət yolu barədə söz açıb. Qeyd olunub ki, bu yol məşhur İpək Yolunun dəniz alternativi idi və onun üzərində yerləşən limanların öyrənilməsi qədim Albaniya tarixinin və arxeologiyasının ən vacib problemlərindən biridir.
Daha sonra Zaur Həsənov Mingəçevirdə tapılmış Sarmat tipli silahların olduğu küp qəbirlərdən söz açıb. Bu tip qəbirlərdən həm yerli maddi mədəniyyətin nümunələri, həm də Sarmat tipli qılınclar, xəncərlər və üç qanadlı ox ucları tapılıb. Qəbirlərdən tapılan bəzi böyük küplərin üzərində Sarmat tipli damğalar var idi. Bu damğaların analogiyaları Orta Asiyanın Sarmat dövrü keramika məhsullarında var. Bundan əlavə, bu qəbirlərdən müxtəlif Roma dövrünə aid əşyalar tapılıb – şüşə qablar, yumruq formalı amuletlər və s. Bu qəbirlərin birində insan skeleti kəlləsinin altında Roma imperatoru Avqustun dövründə kəsilən gümüş Denarius sikkəsinə rast gəlinib. Hazırda bu qəbirlərdən tapılan əşyalar Azərbaycan Milli Tarix Muzeyində saxlanılır.
Daha sonra Ceyhun Eminlinin “Qəbələdə tapılmış Romadan gələn, ya da Roma təsiri altında düzəldilmiş əşyalar” mövzusunda məruzəsində tədbir iştirakçılarına Qəbələ ərazisində bir sıra arxeoloji abidələrin araşdırılması barədə məlumat verib.
Məruzədə Qəbələdə aşkar edilən antik dövrə aid olan böyük oval binalar və onların böyük ehtimalla Roma mədəni təsiri ilə əlaqəsinə toxunulub.
Azərbaycanlı alimlərin məruzələri beynəlxalq elmi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.