ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin beynəlxalq tədqiqatlarının nəticələri xarici jurnalda dərc olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimovun müxtəlif ölkələrdən olan həmkarları ilə müştərək axtarışların nəticələrinə həsr olunan məqalələri impakt faktoru 1,516 olan “Inland waters” jurnalında dərc edilib.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platformasının (IPBES) Avropa və Mərkəzi Asiya üzrə regional qiymətləndirilməsi çərçivəsində daxili duz göllərinin ekosistemi və bioloji müxtəlifliyinə həsr edilib. Daxili duz göllərinin mövcud vəziyyəti və amillərin (iqlim dəyişikliyi, torpaq istifadəsi, çirklənmə, təbii ehtiyatların istismarı və invaziv növlərin) ekosistemə və biomüxtəlifliyə birbaşa təsiri, eləcə də yayılma arealı, yaşayış mühitinin deqradasiya dərəcəsi, nəsli kəsilməkdə olan növlərin zənginliyi və bolluğu kimi indikatorlar istifadə edilməklə, cari və gələcək tendensiyalar təhlil olunub.
Xatırladaq ki, adıçəkilən jurnal “Web of Science” beynəlxalq elmi bazasında Q2 kvartilinə daxildir və məqalə jurnalın internet səhifələrində yerləşdirilib.