ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin elmi məqalələri İtaliyanın ən nüfuzlu jurnalında dərc edilib

Bakı, 6 fevral, AZƏRTAC

İtaliyanın Genuya Universitetində “25 illik Azərbaycan-İtaliya münasibətləri Aralıq dənizi, Qara dəniz və Xəzər dənizinin şahidliyi kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Fəlsəfə İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi konfransda bir sıra Avropa ölkələrindən tanınmış alimlər iştirak ediblər.

Konfransda “Azərbaycan və İtaliya fəlsəfəsinin qarşılıqlı təsiri” mövzusunda çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Azərbaycan və İtaliya alimləri arasında ciddi elmi əlaqələrin olduğunu xatırladıb. O, rəhbərlik etdiyi institutun İtaliyanın tanınmış elm və təhsil ocaqları ilə mütəmadi birgə elmi tədbirlər keçirməsindən söhbət açıb, ölkə rəhbərliyinin Azərbaycan elminin inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində gördüyü işlərdən danışıb.

“Azərbaycan-İtaliya mədəni əlaqələri hüquqi müstəvidə” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev iki dövlət arasında diplomatik əlaqələrin tarixinə diqqət çəkərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin İtaliyaya səfərləri zamanı imzalanmış sənədlərin hüquqi mahiyyəti barədə məlumat verib, iki dövlət arasında Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, multikulturalizmin Azərbaycan modelinin hüquqi əsaslarından danışaraq, tolerantlığın çoxmillətli Azərbaycan xalqının həyat tərzinə və dövlət siyasətinə çevrildiyini nümunələrlə diqqətə çatdırıb.

AMEA-nın Fəlsəfə İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva “Azərbaycan-İtaliya münasibətləri: dinlərarası dialoq prizmasında” mövzusunda məruzəsində İslam dininin sülh, barışıq dini olduğunu xatırladıb, ölkədə mövcud olan müxtəlif dinlərin qarşılıqlı harmoniyasının fəlsəfəsindən bəhs edib. Azərbaycan dövlətinin katolik, pravoslav, yəhudi və müsəlman dini abidələrinin qorunub-saxlanmasına böyük diqqət və qayğı göstərdiyini bildirən Z.Əliyeva bu abidələrin təmiri istiqamətində görülən işləri özündə əks etdirən videoçarxı nümayiş etdirərək, ölkədə mövcud olan tolerant mühit barədə ətraflı məlumat verib.

Maraqlı elmi diskussiya şəraitində keçən tədbirdə Ca Foscari Universitetinin professoru Aldo Ferrari, Trento Universitetinin professoru Gian Franco Poggi, Milan Universitetinin professoru Alessandro Vitale, Roberto de Vita Universitetinin professorları Alessandro Figus, Franco Cardini və digərləri çıxış edərək Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin əhəmiyyətindən danışıb, bu münasibətin ölkəmizin iqtisadi inkişafına söykəndiyinə görə dayanıqlı olacağına inandıqlarını söyləyiblər. Natiqlər Azərbaycanın Avropaya inteqrasiyasında öz ölkələrinin maraqlı olduqlarını elmi cəhətdən konkret faktlarla izah ediblər.

Konfransdan sonra İtaliyada nəşr olunan nüfuzlu “Geopolitika, sosial müdafiə və azadlıq” beynəlxalq elmi jurnalında Azərbaycan alimlərinin elmi məqalələri dərc edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.