ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin məqaləsi Kanadada çap olunub

Bakı, 6 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları - aparıcı elmi işçi Yaqub Nağıyev və AMEA-nın müxbir üzvü Eldar Zeynalovun “N-əvəzlənmiş dixlormaleinimidlərin sintezi və onların potensial qeyri-metal oksidləşmə katalizatorları kimi sınaqdan keçirilməsi” məqaləsi Kanadada işıq üzü görmüş kitabda ingilis dilində yer alıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məqalədə qeyd olunur ki, bir çox sənaye əhəmiyyətli oksidləşmə reaksiyaları üçün yüksək aktivliyə malik, təkrar istifadəyə yararlı, həmçinin ekoloji cəhətdən təmiz və ətraf mühitə ziyan verməyən heterogen katalizatorların hazırlanması çox vacib problemlərdən biridir. Bu baxımdan aşağı temperaturlarda karbohidrogenlərin maye fazada aerob oksidləşməsi üçün katalizator kimi, tərkibində metal olmayan, asan və ucuz alına bilən birləşmələrin istifadəsi ən müasir və aktual məsələlərdən biridir. Təqdim olunan işdə istifadə olunan katalizatorlar laboratoriya şəraitində birli aminlərin dixlormalein anhidridi ilə qarşılıqlı təsiri nəticəsində sintez edilərək təmizlənib, quruluşu müasir fiziki-kimyəvi analiz metodları ilə öyrənilib və kumolun model oksidləşmə reaksiyasında tətbiq olunub. Temperatur, katalizatorun miqdarı və reaksiyanın aparılma müddəti də daxil olmaqla reaksiyanın bir neçə parametrləri tədqiq edilib. Alınmış nəticələr göstərir ki, qeyri-metal tərkibli N-əvəzli dixlormaleinimidlərin katalitik təsiri nəticəsində bir sıra sənaye əhəmiyyətli, qiymətli oksigenli üzvi məhsullar alınır. Bu da onu sübut edir ki, sintez olunmuş imidlər kumolun maye fazada aerob oksidləşmə reaksiyasında aktiv katalitik təsirə malikdirlər. Maraqlı fakt ondan ibarətdir ki, bu katalizatorlardan istifadə etməklə kumolhidroperoksid almaq olmur, çünki reaksiya zamanı alınan hidroperoksid müvafiq üzvi məhsullara parçalanır. Sərbəst radikal mexanizmi ilə parçalanma baş verir, sistemdə əlavə aktiv mərkəzlər yaradılır və nəticədə reaksiyanın sürəti də artır. Lakin zaman keçdikcə alınmış reaksiya məhsullarının təsiri altında reaksiya sürəti əsaslı sürətdə zəifləyir. Katalizatorların daha yüksək aktivliyi 100°C-dən yuxarı temperaturlarda qeyd olunub. Sonda oksidləşmə prosesi nəticəsində alınan oksidatlarda məhsullar kütləxromatoqrafiya üsulu ilə analiz olunub. Qeyd olunan tədqiqat bizə istifadə olunan katalizatorların kumolun oksidləşmə reaksiyasında katalitik aktivliyə malik olduğunu göstərməklə yanaşı, prosesin hansı istiqamətdə aparılması haqqında məlumat verir.