ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan alimlərinin “Optimizasiyaya əsaslanan anomaliyanın aşkarlanması” adlı məqaləsi “Scopus” bazasında indeksləşən “International Journal of Intelligent Systems and Applications” jurnalında dərc olunub.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (“big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsi çərçivəsində hazırlanıb. Məqalənin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, bu elmi qurumun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatdır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müasir dövrdə verilənlərin həcminin sürətlə artması anomaliyaların aşkarlanmasını mühüm problemlərdən birinə çevirir. Məqalədə anomaliyaların aşkarlanması məqsədilə yeni bir klasterləşmə metodu təklif edilmiş və hər bir obyektin (verilənin) çəkisi, həmçinin onun bütün obyektlər (verilənlər) çoxluğundakı mövqeyi müəyyən olunub. Eksperimentin nəticələri göstərir ki, təklif olunan metod k-means alqoritmi ilə müqayisədə anomaliyaları daha dəqiq aşkarlayır və praktik əhəmiyyətə malikdir.