İQTİSADİYYAT
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri potensialına görə regionda ən yüksək imkanlara malikdir
Bakı, 16 aprel, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri potensialına görə regionda ən yüksək imkanlara malikdir. Hazırda respublikada potensial günəş enerjisinin gücü 5 min meqavatdan, külək enerjisinin potensialı isə 4 min 500 meqavatdan çoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov Bakıda keçirilən “CISOLAR-2015” 4-cü Beynəlxalq konfransında deyib. C.Məlikov qeyd edib ki, Azərbaycanın bioenerji potensialı isə 1500 meqavatdır.
ABOEMDA-nın sədr müavini bildirib ki, ötən il Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsinə qoyulan investisiya 63,6 milyon manat olub. Həmin vəsaitin 34,9 milyon manatı günəş enerjisinin inkişafına, 28,7 milyon manat külək enerjisinin inkişafına yönəldilib. Ümumilikdə 2000-ci ildən bu vaxtadək respublikada bərpa olunan enerji sahəsinə 800 milyon manata yaxın vəsait sərf olunub.