ELM VƏ TƏHSİL
Azərbaycan arxeologiya elminə sanballı töhfə
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin “Azərbaycan arxeologiyası: uğurlar, problemlər, perspektivlər” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabda N.Müseyiblinin son illər Azərbaycan arxeologiya elminin müxtəlif problemlərinə dair bir sıra qəzetlərdə və jurnallarda nəşr olunmuş elmi-publisistik məqalələri toplanıb. Həmin məqalələrin bəziləri ilk nəşrdən fərqli olaraq göstərilən əsərdə daha çox elmi aspektdə verilib.
Kitabdakı məqalələrin bir qrupu tarixi-arxeoloji abidələr barədə ölkə Prezidentinin sərəncamlarının yerinə yetirilməsi ilə bağlı vəzifələrin şərhinə həsr olunub. Məqalələrdə, eyni zamanda, arxeoloji abidələrin tədqiqat problemləri, mühafizəsi və xilas edilməsi yolları əksini tapıb. Azərbaycan arxeologiya elmində mühüm hadisələr, arxeologiyada elmi-təşkilati işlər, qədim tariximizin öyrənilməsində arxeologiyanın əhəmiyyəti, bu elmdə müstəsna xidmətləri olan alimlər barədə yazılar kitabda yer alıb.
Kitabda ən aktual elmi problemlər olan Azərbaycanın erkən dövlətçilik tarixi və xalqımızın etnogenez tarixinin arxeoloji və paleoantropoloji tədqiqatlarla öyrənilməsi ətraflı təhlil edilib.
Nəşr arxeologiya və tarix üzrə mütəxəssislərlə yanaşı, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.