Azərbaycan avarçəkəni Polşada dünya kubokunun mərhələ yarışında iştirak edəcək
AzerTAg.az
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 16-19-da Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə dünya kubokunun ikinci mərhələ yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi Bəhmən Nəsiri təmsil edəcək. İdmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yarışlarda qüvvəsini sınayacaq.
Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş birinci mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox, 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar kifayət qədər geniş heyətlə dünya kuboku yarışına qatılacaqlar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək - 23 qayıq.
Reqlamentə əsasən, turnirin qalibləri üçüncü mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışın üçüncü mərhələsi iyulun 8-10-da İsveçrənin Lutsern şəhərində baş tutacaq.

Xəbərin mətnində orfoqrafik səhv var