İDMAN
Azərbaycan avarçəkəni Ziya Məmmədzadə Avropa çempionatında doqquzuncu olub
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan avarçəkəni Ziya Məmmədzadə Belçikanın Mexelen şəhəri yaxınlığındakı Hazevinkel bazasında 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş Avropa çempionatında çıxış edib.
AZƏRTAC Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, təmsilçimiz 1 nəfərlik yüngül çəkili qayıqla 2 min metr məsafəyə yürüşə qatılıb. O, təsnifat mərhələsində 7 dəqiqə 45,67 saniyə nəticə ilə öz yürüşünün iştirakçıları arasında 5-ci, təsəlliverici yürüşdə 7 dəqiqə 28,92 saniyə göstərici ilə 3-cü yeri tutaraq, B finalına yüksəlib.
Sonuncu mərhələdə isə idmançımız finiş xəttinə 7 dəqiqə 28,93 saniyəyə çataraq, üçüncü olub və yekun nəticədə Avropa çempionatını 9-cu sırada başa vurub.
Qeyd edək ki, Avropa çempionatında 30 ölkənin 200-dən çox avarçəkəni mübarizə aparıb.