İQTİSADİYYAT
Azərbaycan az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir
Bakı, 24 noyabr, Elvin Camalov, AZƏRTAC
Azərbaycan dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov Bakıda BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində keçirilən “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, BMT ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda mühüm tədbirlər həyata keçirilib, müvafiq proqramların icrası nəticəsində iqtisadiyyatın inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması kimi mühüm nailiyyətlər əldə olunub. Belə ki, 2015-ci ildə Azərbaycan yoxsulluğa və aclığa qarşı mübarizədəki uğurlarına görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Cənub-Cənub” mükafatına layiq görülüb.