İDMAN
Azərbaycan badmintonçusu beynəlxalq turnirdə 2500 reytinq xalı qazanıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Misirin paytaxtı Qahirə şəhərində keçirilən “International Series” kateqoriyalı “Egypt International 2019” turnirində 2500 reytinq xalı qazanıb.
AZƏRTAC xəbər verir ki, Dviçayo kişi badmintonçuların şəxsi yarışında onaltıdabir finalda portuqaliyalı Duarte Nuno Anje üzərində 2:0 hesablı qələbə qazanıb. Təmsilçimiz növbəti görüşündə hindistanlı Druv Ravatı 2:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Qələbə seriyasını bu mərhələdə də davam etdirən Dviçayo belçikalı rəqibi Maksim Morelsi 2:0 hesabı ilə üstələyib. Badmintonçumuz yarımfinalda Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə qarşılaşıb. İlk setin gedişində ayağı burxulan Niluka, görüşü yarıda dayandırmaq məcburiyyətində qalıb. Ötən il turnirin qalibi olan idmançımız əbəs yerə turnirin 1 nömrəli reytinq favoriti olmadığını final görüşündə də nümayiş etdirib. Həlledici görüşdə Çex Respublikasının badmintonçusu Milan Ludiki 2:0 hesabı ilə məğlub edən Dviçayo “Egypt International 2019” turnirinin qızıl medalını qazanıb. Dviçayo turnirin qalibi olmaqla yanaşı, reytinq ehtiyatını da zənginləşdirib. Badmintonçumuz aktivinə 2500 reytinq xalı yazdırıb.
Turnirə onaltıdabir finaldan başlayan təmsilçimiz Ezmi Qovimuramadhoni isə ilk görüşündə son iki ayda “LI-NING Czech Open 2019” və “LI-NING Cyprus International 2019” turnirlərinin qalibi olan İrlandiya badmintonçusu Conatan Dolanla qarşılaşıb. Badmintonçumuz rəqibinə 0:2 hesabı ilə uduzub.
Badmintonçularımız turnirdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak ediblər.