MƏDƏNİYYƏT
“Azərbaycan bayrağı” ordenli İbad Hüseynova həsr edilmiş albomların təqdimatı olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Dağlıq Qarabağa erməni təcavüzü başlayanda İbad Hüseynov qulluq etdiyi sovet ordusu sıralarından tərxis olunaraq doğma Xocavənd rayonuna qayıdaraq hərbi özünümüdafiə birləşmələri təşkil edib. Həmin dövrdə o, kəşfiyyat qrupu yaradaraq düşmənlərə qarşı ölüm-dirim mübarizəsi aparıb. Döyüş əməliyyatları nəticəsində ermənilərin xeyli silah və sursatını ələ keçirməyə nail olub. 1993-cü ilin dekabrında minaya düşərək ağır yaralanıb. 28 günlük komadan sonra həkimlər onun bədənində daxili qanaxmanı aşkar ediblər. Onun bədənində hematoma ləğv edilsə də, illərlə qoltuq ağaclarında gəzməli olub və xəstəxanalarda müalicə alıb. Hospitaldan çıxdıqdan dərhal sonra o, cəbhə xəttində xidmət etdiyi hərbi hissəyə qayıdaraq yenidən silaha sarılıb.
“Azərbaycanfilm” kinostudiyası cəsur kəşfiyyatçı haqqında “Əsgər” sənədli filmi çəkib. Onun igidliyindən bəhs edən “Qorxulu yuxuların qəhrəmanı”, “Kəşfiyyatçı” sənədli, “Xüsusi təyinatlı İbad" bədii filmləri lentə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı İbad Hüseynovun keçdiyi döyüş yoluna və göstərdiyi qəhrəmanlıq nümunələrinə həsr olunmuş şeir, poema və marşlardan ibarət albomların təqdimat mərasimində danışılıb.
Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı keçirilən mərasimdə birliyin sədri Gülşən Behbud və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Vətən torpağı uğrunda döyüşlərdə fədakarlıq göstərən İbad Hüseynovun şücaətindən bəhs edib, onun Türkiyədə də yaxşı tanındığını bildiriblər.
Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənli, türkiyəli yazıçı İmdad Əfşar, kəşfiyyatçının döyüş yoldaşı, polkovnik Məhəmməd Qədirov, Xalq artistləri Flora Kərimova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Baloğlan Əşrəfov, Yusif Mustafayev və başqaları çıxış edərək İbad Hüseynovun qəhrəmanlıq yolunun gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində müsbət nümunə kimi dəyərləndirib və ona həsr olunan albomları bu sahədə olan təbliğat vasitələrindən biri kimi əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.
Qeyd olunub ki, qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun ifasında “Qurd balası” və müğənni Səyyad Əlizadənin ifasında 14 hərbi marş və mahnı gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasına layiqli töhfə verəcək.
Mərasimdə Qarabağ müharibəsi haqqında videoçarx nümayiş olunub, albomdakı şeir və mahnılardan nümunələr səslənib.
Tədbirdə İbad Hüseynov onun döyüş yolunu şeir və mahnıya çevirən şair və bəstəkarlara, müğənni və qiraət ustalarına təşəkkür edib, torpağımızın düşmən tapdağından azad olunması üçün Vətən əsgəri kimi döyüşün önündə getməyə həmişə hazır olduğunu bildirib.