ELM VƏ TƏHSİL
Azərbaycan bayrağı xalqımızın keçdiyi tarixi yolu əks etdirir
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Universitetində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, Azərbaycan bayrağı xalqımızın keçdiyi tarixi yolu və dövlətçiliyimizin bütün rəmzlərini özündə əks etdirir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ali məktəb rektorunun müşaviri Nüşabə Quliyeva üçrəngli dövlət bayrağımızın hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs və əziz olduğunu söyləyib. Qeyd edib ki, bütün şəhər və rayonlarımızda Bayraq meydanı və Bayraq muzeyləri fəaliyyət göstərir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması dövlətimizin başçısının tarixi irsə sahib çıxmasının bariz nümunəsidir.
Nüşabə Quliyeva zəfər bayrağımızın tezliklə Şuşa, Laçın, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli bayrağın Vətənə qaytarılmasının tarixi haqqında danışıb. O bildirib ki, bolşevik işğalından sonra xarici ölkələrə mühacirət edən ictimai xadimlərdən biri də parlamentdə katib-stenoqraf kimi çalışan Mirzə Bala Məmmədzadə olub.
Qonaq bu bayraq haqqında təsadüfən məlumat əldə etdiyini deyib: “Mirzə Bala Məmmədzadə rəhmətə gedəndən sonra bayrağı Eldəniz Kurtulana əmanət edib. Eldəniz Kurtulan da elmi işim Azərbaycan siyasi düşüncə tarixi və Mirzə Bala Məmmədzadə ilə bağlı olduğu üçün mənə verilməsini vəsiyyət edib”.
Əfqan Vəliyev bu barədə Prezident İlham Əliyevə məruzə edildiyini və onun tapşırığı ilə həmin bayrağın ölkəyə gətirildiyini bildirib. Qeyd edilib ki, dövlətimizin başçısının bu tapşırığı və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında müvafiq Sərəncamı dövlətçilik tariximizə, Cümhuriyyət qurucularına bəslənilən hörmət və ehtiramdan irəli gəlir.
Ə.Vəliyev deyib: “Bütün mühacirlərin arzusu bu bayrağın Azərbaycana gətirilməsi və ölkə rəhbərliyinə təqdim edilməsi olub. Bu gün Cümhuriyyətin bütün qurucularının və fəallarının, Mirzə Bala Məmmədzadənin ruhu şaddır. Çünki bayrağımız əmin əllərdədir”.
Sonra universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov, biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov, ictimai elmlər kafedrasının müdiri Qabil Əliyev Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbik ediblər.
Tədbirin bədii hissəsində tələbələr bayrağa həsr olunan şeir və musiqi nümunələri səsləndiriblər.