İQTİSADİYYAT
Azərbaycan bazarı Çinin “Shengli Xinda” şirkəti üçün çox maraqlıdır
Bakı, 5 iyun, R.Quliyev, AZƏRTAC
Azərbaycan bazarı bizim üçün yeni olsa da, çox maraqlıdır. Bunu XXII Beynəlxalq "Xəzər Neft və Qaz 2015" (“Caspian Oil and Gas 2015”) sərgisində iştirak edən Çin Xalq Respublikasının “Shengli Xinda” (Xinjiang Group) şirkətinin direktor müavini Ba Lu AZƏRTAC-a müsahibəsində deyib.
Çin Xalq Respublikasının Sıncan-Uyğur Muxtar Vilayətinin neft hasilatı və emalı mərkəzi kimi tanınan Karamay şəhər dairəsini təqdim edən stenddə bir sıra nəhəng müəssisələrin - “Karamay Shengqi Drilling Equipment Co. Ltd.”, “Xinjiang Jinshi Drilling Equipment Co. Ltd.”, “Xinjiang Karamay Caifeng Industrial Co. Ltd.” məhsulları nümayiş olunur. Müəssisələrin təqdim etdiyi məhsullara neft mancanaqları, boru, avtotexnika, çənlər və digər məhsullar aiddir.
Ba Lu bu nüfuzlu sərgidə debüt etdiklərini və burada Çin məhsullarının Azərbaycanda, ümumilikdə isə regionda təbliğ edəcək tərəfdaşlar tapmaq niyyətində olduqlarını söyləyib. “Rusiya və Qazaxıstanda bir sıra layihələri həyata keçirmişik, lakin Azərbaycan bazarı bizim üçün yeni olsa da, çox maraqlıdır”, - deyə, çinli biznesmen vurğulayıb.