İQTİSADİYYAT
Azərbaycan bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 17 oktyabr, AZƏRTAC
Bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında fəaliyyət üçün çərçivə sənədi imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sənədi Azərbaycan tərəfindən Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən isə “Masdar” şirkətinin Şərqi Avropa, Mərkəzi Asiya və Rusiya üzrə baş direktoru Əhməd Əl Avadi imzalayıb.
Energetika Nazirliyi “Masdar” şirkəti ilə koordinasiyalı fəaliyyət və tərəfdaşlıq əsasında Dövlət Özəl Tərəfdaşlığı layihələri qismində bərpaolunan enerji (günəş və külək) layihələrinin inkişafı və təmiz enerji texnologiyaları ilə bağlı təcrübə mübadiləsi üzrə əməkdaşlıq edəcək. Bununla yanaşı, əməkdaşlıq külək və digər bərpaolunan enerji üzrə layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə fəaliyyətləri də əhatə edəcək.
Qeyd edək ki, “Masdar” bərpaolunan enerji və dayanıqlı şəhər inkişafı sahəsində böyük beynəlxalq şirkətdir. “Masdar” BƏƏ daxil olmaqla, İordaniya, Mavritaniya, Misir, Mərakeş, Böyük Britaniya, Serbiya və İspaniyada bərpaolunan enerji layihələri həyata keçirib.