İQTİSADİYYAT
Azərbaycan bərpaolunan enerjiyə dair birgə layihələr üçün Beynəlxalq Maliyyə Korporasiyasına təkliflər verəcək
Bakı, 31 yanvar, AZƏRTAC
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə bərpaolunan enerji üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlikdə Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə bərpaolunan enerjinin inkişafı və səmərəli, rəqabətədavamlı enerji bazarının yaradılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Energetika nazirinin müavini Samir Vəliyev IFC-nin Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsində iştirakını xatırladıb və yeni əməkdaşlıq imkanlarından bəhs edib. O, Azərbaycanda enerji səmərəliliyi və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib. Ölkədə bərpaolunan enerji üzrə qanunvericiliyinin, enerji bazarı üzrə qanun layihəsinin hazırlanmasında dövlət və özəl sektor, eləcə müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
IFC-nin Qafqaz və Rusiya üzrə regional direktoru Yan Van Bilsen təmsil etdiyi qurumun Dünya Bankı qrupuna daxil olduğunu və Azərbaycanla enerji sektoru da daxil olmaqla müxtəlif sahələr üzrə uzunmüddətli əməkdaşlıq etdiyini qeyd edib. Bildirib ki, IFC müxtəlif ölkələrdə bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi sahəsinə özəl sektorun cəlb edilməsi, hərracların keçirilməsi üzrə zəngin təcrübəni Azərbaycanla bölüşməyə hazırdır. Bərpaolunan enerji mənbələrindən istifadənin bazar mexanizmləri əsasında inkişafının, istehsalçılar arasında rəqabət mühitinin yaradılmasının və bu sahədə özəl şirkətlərin iştirakına təminat verilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə ölkəmizdə bərpaolunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi üçün Beynəlxalq Maliyyə Korporasiyasına təkliflərin verilməsi razılaşdırılıb.