ELM VƏ TƏHSİL
Azərbaycan beynəlxalq konqresdə təmsil olunub
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Moskvada keçirilən "XXI əsrdə insanın psixi sağlamlığı" adlı ikinci beynəlxalq konqresdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konqres Dünya Səhiyyə Təşkilatının himayəsi altında Dünya Psixiatriya Assosiasiyası, Beynəlxalq Sosial Təminat Assosiasiyası, Dünya Psixoterapiya Şurası, Beynəlxalq Autizm Avropa Assosiasiyası, Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasının Avropa bürosu, Dünya Psixososial Reabilitasiya Birliyi kimi dünyanın aparıcı peşəkar təşkilatlarının və Rusiyanın Səhiyyə, Təhsil və Elm, Əmək, İdman nazirliklərinin dəstəyi ilə reallaşıb.
Psixi sağlamlığın qorunmasında təhsilin və maariflənmənin rolunun müzakirəsinə həsr olunan tədbirdə 50-dən çox ölkədən 1000-dən artıq aparıcı ekspert iştirak edib.
Forumda ölkəmizi təmsil edən U.Həşimova “Beynin qocalması və koqnitiv funksiyaların saxlanmasında qidalanmanın rolu” mövzusunda məruzə ilə çıxış edib.
Alim məruzəsində institutun yüksək uzunömürlülük indeksi ilə fərqlənən rayonlarda apardığı kompleks tibbi-bioloji tədqiqatların nəticələrini, xüsusilə uzunömürlü insanların koqnitiv status da daxil olmaqla, sağlamlıq statusunun qiymətləndirilməsinə dair məlumatları təqdim edib. Bundan əlavə, koqnitiv pozulmaların və demensiyanın inkişafının qarşısının alınması üçün qidanın rolunun əhəmiyyəti, bəzi fizioloji fəal maddələrin, o cümlədən azərbaycanlıların ənənəvi mətbəxində geniş istifadə edilən zəfəranın və kurkuminin heroprotektor effektlərinin tədqiqinin nəticələri qeyd olunub.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.