Azərbaycan beynəlxalq təhsil idarəetmə forumunda təmsil olunur
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Türkiyənin İzmir şəhərində Təhsil Menecerləri və Ekspertləri Dərnəyi (EYUDER) və Dokuz Eylül Universitetinin əməkdaşlığı ilə XIII beynəlxalq təhsil idarəetmə forumu keçirilir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, forumda pedaqoji-psixoloji nəzəriyyələr, təhsil siyasəti və təhsildə müasir islahatlar, pedaqoji liderlik, təhsildə idarəetmə, ənənəvi və müasir müəllim hazırlığı məsələləri, təhsilin bütün pillələri və səviyyələri üzrə müzakirələr, təqdimatlar, panel dinləmələri, seminarlar təşkil edilir.
Forumda Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov “Müstəqillik illərində Azərbaycanda ilkin müəllim hazırlığı sahəsində islahatlar: uğurlar, perspektivlər” mövzusunda çıxış edib. Tədbirdə Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva və Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı Aynur Əlimuradova da iştirak edirlər.
Beynəlxalq forum mayın 16-dək davam edəcək.

Xəbərin mətnində orfoqrafik səhv var