İQTİSADİYYAT
Azərbaycan beynəlxalq yüklərin daşınmasında çox böyük imkanlara malikdir
Tbilisi, 12 sentyabr, AZƏRTAC
Tbilisidə keçirilən “Argus Xəzər-Qara Dəniz nəqliyyat dəhlizi 2018” adlı V beynəlxalq konfransda Azərbaycanın beynəlxalq yük daşımalarındakı rolu, imkanları və mövqeyi diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti – “ADY Express” MMC-nin strateji inkişaf və marketinq departamentinin baş mütəxəssisi Kamran Babayev konfransda təqdimatla çıxış edib.
Baş mütəxəssis deyib ki, Azərbaycan beynəlxalq yüklərin daşınmasında böyük potensiala malikdir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, İran ərazisində tikilən Astara terminalı, Ələt limanı və digər logistik mərkəzlər Azərbaycanın imkanlarını əsaslı surətdə artırıb.
BTQ, Astara terminalı və Ələt limanı haqqında tam ətraflı məlumat verən K.Babayev bir çox ölkələrin, o cümlədən Rusiyanın iri şirkətlərinin BTQ-yə marağının artdığını bildirərək deyib: “ADY Express” MMC Rusiyada istehsal olunan poladın əsas ixracatçılarından olan Maqnitoqorsk Metallurgiya Kombinatı (MMK) ilə birgə hazırladığı plana əsasən BTQ üzrə polad daşınmasını həyata keçirib. Ümumi çəkisi 120 ton olan ilk 4 konteyner bu ilin avqustunda MMK-nın Türkiyədəki törəmə müəssisəsi olan “MMK Metalurji” şirkətinə çatdırılıb. Konteynerlər 5 min kilometrlik yolu 17 günə qət edib. Bu marşrut üzrə il ərzində 250 min tona qədər metal məhsulların daşınması nəzərdə tutulub”.
K.Babayev qeyd edib ki, BTQ marşrutu MMK-ya Yaxın Şərq, Avropa, Afrika ölkələrinə Türkiyənin İskenderon şəhərində olan öz limanı vasitəsilə ixrac üzrə çatdırmaların şaxələndirilməsini nəzərdən keçirməyə imkan verir.
“MMK ilə əməkdaşlığın birinci mərhələsi artıq həyata keçirilib. Daşınmaların tam gücü ilə gələn ilin ortalarında həyata keçiriləcəyi nəzərdə tutulub. İlk daşınma uğurla həyata keçirildi və bundan sonra Rusiyanın iri şirkətləri “ADY Express”lə əməkdaşlığa maraq ifadə etməyə başlayıblar”, – deyə K.Babayev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi