CƏMİYYƏT


Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməyəcək

Bakı, 3 iyul, AZƏRTAC

Çar Rusiyası tərəfindən tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər xalqımıza qarşı iki əsrə yaxın müddətdə əsassız ərazi iddiaları irəli sürərək, bu məqsədlərinə çatmaq üçün qanlı soyqırımı və qətliamlar törətməkdən, dinc əhalini qətlə yetirməkdən belə çəkinməyiblər. Ötən yüzilliyin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan hərəkatı qızışdı. 1965-ci il aprelin 23-də uydurma “erməni soyqırımının 50 illiyi”, cəllad Andronikin isə anadan olmasının 100 illiyi Ermənistanda geniş qeyd edildi və bu da tarixi ata-baba torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına güclü təkan verdi. Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) erməni millətçiliyi açıq surətdə dərin kök salmışdı. Azərbaycanlılar burada - öz doğma torpaqlarında sıxışdırılırdı. Mifik “böyük Ermənistan” yaratmaq təşəbbüsü ilə ermənilərin beynini zəhərləyən ideoloqlar fürsət yarandıqca Azərbaycana, azərbaycanlılara qarşı daim təxribatlar törədir, bunun üçün müxtəlif vasitələrə əl atırdılar.

Cənubi Qafqazın iki dövləti arasında gərginlik 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladı. Nəticədə Azərbaycanın ərazisinin 20 faizi - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik 7 inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddiaları onların “böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. Ona görə də ermənilər, “ənənələrinə” sadiq qalaraq həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlayıblar. SSRİ-də 1985-ci ildə ermənipərəst Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar.

Separatçılığın, terrorizmin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı.

Dünyanın ən qədim insan məskənlərindən olan Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min kvadrat kilometr, yaxud Azərbaycan Respublikasının ümumi ərazisinin 5,4 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar vilayəti yaradılmışdı.

1993-cü il aprelin 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Kəlbəcər rayonu işğal olundu. Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonunun işğalını pisləyən bəyanat verdi. Aprelin 15-də isə Avropa Şurasının Nazirlər Komitəsi münaqişənin kəskinləşməsi ilə bağlı bəyanatla çıxış etdi. Aprelin 30-da BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Kəlbəcər rayonundan işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı qətnamə qəbul etdi. İyulun 23-də Ermənistan hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etdilər. İyulun 29-da BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin qeyd-şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması barədə 853 saylı qətnamə qəbul etdi. Avqustun 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, avqustun 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etdi. Oktyabrın 28-dən noyabrın 1-dək Füzuli rayonunun Horadiz qəsəbəsi və Zəngilan rayonu işğal olundu. Noyabrın 11-də BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin dərhal azad olunması tələbini əks etdirən növbəti - 884 saylı qətnaməsi qəbul edildi. 1994-cü il yanvarın 10-11-də NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən ərazi əldə edilməsində gücdən istifadəni pisləyən, həmçinin regionda sülh və sabitliyin bərqərar olunması üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətin ifadə olunduğu bəyannamə qəbul edildi.

Ermənilər “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etdi, noyabrın 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu.

Ermənistan hərbi qüvvələrinin erməni terrorçuları ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünə və onun xalqına qarşı apardığı müharibədə keçmiş Azərbaycan rəhbərliyinin öz xalqının deyil, Moskvanın mövqeyini müdafiə etməsi onu nüfuzdan saldı.

Ermənistanın təcavüzü nəticəsində 1988-1993-cü illərdə Azərbaycanın 13 min 210 kvadrat kilometr ərazisi, yaxud torpaqlarının 20 faizi işğal olunub. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 kilometr Azərbaycan-İran və 360 kilometr Azərbaycan-Ermənistan sərhədləri, ümumilikdə 558 kilometr dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və təəssüf ki, indi də bu ərazilərimiz işğalçı dövlətin nəzarəti altındadır. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən narkotik maddələr yetişdirmək, terrorçu qruplar hazırlamaq məqsədilə istifadə edir.

Ermənistanın hərbi təcavüzünün ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl - fevralın 25-də axşamdan başlayaraq şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutuldu. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-da səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq ermənilər buna imkan vermədilər. Erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular. Bu qırğın nəticəsində 613 nəfər həlak oldu. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.

Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman ermənilər helikopterlərlə, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənənlərin axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Xocalı faciəsi XX əsrdə baş vermiş soyqırımı və etnik təmizləmə hadisələri sırasında ən dəhşətlilərindəndir.

Qarabağ savaşı çox ədalətsiz müharibədir. Ədalətsizlik ilk növbədə ərazilərimizin işğal edilməsi və dünya ictimaiyyətinin buna göz yummasıdır. Bu müharibənin digər ədalətsizliyi o idi ki, Ermənistan daim silahlandırılıb, beynəlxalq dəstək baxımından korluq çəkməyib. Azərbaycan isə müharibənin ilk günlərindən təzyiqlərlə üzləşib.

Qarabağ müharibəsi, eyni zamanda, kütləvi qəhrəmanlıqlar savaşıdır. Bu qəhrəmanların bir qismi igid döyüşçülərimiz, bir qismi isə silahsız dinc əhalidir. Müharibənin əsas qəhrəmanları bizim şəhidlərimizdir. Onlar Vətən uğrunda şəhid olub.

Biz bu savaşda çox əzab-əziyyətlər, ağrı-acılar çəkdik, torpağımızda məcburi köçkünə çevrildik, əzizlərimizi itirdik. Ona görə də bu müharibədən həm də dərs götürmüşük. Tarix boyu xalqımıza qarşı törədilənləri unutmamalıyıq.

Erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı tarix boyu davam etsə də hadisələrə lazımı qiymət verilməmiş, dünyaya çatdırılmamışdı. Həqiqətin təhrif olunmasının acı nəticəsini xalqımız bütün XX əsr boyu yaşayıb. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımıza qarşı törədilən cinayətlərin öyrənilməsinə geniş imkan və şərait yaradıldı. Xalqımıza qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş qırğınlara ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində siyasi qiymət verildi. Bu Fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün Ulu Öndərin müəyyən etdiyi bir yol oldu. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa edir, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırır. Hazırda bu cinayətlər barədə faktların dünyada yayılması, baş vermiş faciələrin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri addımlar atılır, hər il tədbirlər proqramı təsdiqlənib icra edilir, dünyanın bir çox ölkəsində faciə qurbanlarının əziz xatirəsi yad olunur.

Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında olmasıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bəyan edib ki, bir qarış torpağımız belə düşmənə güzəştə gedilməyəcək və biz öz ərazilərimizi istənilən yolla azad edəcəyik. Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrlərinə hər an hazır olmasını 2016-cı ildə Aprel döyüşlərində nəinki düşmənə, bütün dünyaya göstərdi. Dördgünlük döyüşlər zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu. Bu döyüşlərdə 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Bir neçə istiqamətdəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

Aprel zəfərinin ən böyük əhəmiyyətindən biri də Azərbaycana böyük siyasi və psixoloji üstünlük qazandırması, Ermənistanda isə onsuz da orduda hökm sürən hərc-mərclik, özbaşınalıq hallarının daha da artması, ruh düşkünlüyünə, ictimaiyyətdə hərbi xunta rejiminə qarşı ciddi narazılığa səbəb olması idi.

Təsadüfi deyil ki, Aprel qələbəsi sayəsində Azərbaycanda “Böyük Qayıdış” prosesinin əsası qoyuldu. Lələtəpənin azad edilməsi nəticəsində Azərbaycan Ordusunun tam nəzarətinə keçən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış bərpa edildi, orada ən müasir tipli yaşayış evlərinin, Şuşa məscidinin bənzəri olan məscidin, müxtəlif sosial infrastruktur obyektlərinin inşası başa çatdırıldı. Cocuq Mərcanlı sakinlərinin doğma yurdlarına qayıdaraq yaşayışı bərpa etmələri işğal altındakı digər torpaqlarımızın da geri qaytarılacağı günün uzaqda olmadığını göstərir.

Həqiqətən də Aprel döyüşlərindən heç iki il keçməmiş Azərbaycan Ordusu daha bir uğurlu əməliyyat keçirərək daha geniş əraziləri işğalçılardan təmizlədi. Belə ki, Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi, həmin ərazidə çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Yüksək məharətlə və peşəkarlıqla həyata keçirilən Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun növbəti hərbi uğuru, qəhrəmanlıq və rəşadət nümunəsidir. Bu uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən “Qızılqaya” yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 kilometr yeni yol çəkilib, 50 kilometrdən çox yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Həm Aprel döyüşlərində, həm də Naxçıvanda əldə olunan mühüm hərbi qələbələr onu göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarını düşmən işğalından azad etməyə qadirdir və buna hər an hazırdır. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə Azadlıq meydanında keçirilən təntənəli hərbi paraddakı nitqində bu barədə deyib: “Biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq”.

Samirə Allahverdiyeva

AZƏRTAC-ın müxbiri

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.