MƏDƏNİYYƏT
Azərbaycan bu ilin ilk beynəlxalq turizm yarmarkasında uğurla təmsil olunur
Vyana, 13 yanvar (AZƏRTAC). Yanvarın 12-dən 15-dək Vyanada növbəti beynəlxalq tətil yarmarkası - “Ferien-Messe Wien-2012“ keçirilir.
İlin ilk beynəlxalq turizm yarmarkasında Azərbaycanın da öz zəngin proqramı ilə iştirakı artıq ənənə halı almışdır. Ötən illərdə olduğu kimi, bu il də yarmarkada Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, Bakı Turizm İnformasiya Mərkəzi, eləcə də “İmprotex Travel” və “Geo Travel” şirkətinin təmsilçiləri iştirak edirlər.
Nazirliyin əməkdaşları bildirmişlər ki, Azərbaycan üçün ayrılmış guşədə ölkənin turizm potensialını əks etdirən kitablar, CD, buklet və reklam çap məhsulları nümayiş olunur, eləcə də ziyarətçilərə təbliğat xarakterli materiallar təqdim edilir. Materiallar arasında Azərbaycanın turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyət və tarixi ilə yanaşı, Qarabağ və Şuşa haqqında kitablar və bukletlər üstünlük təşkil edir. Divarlarda quraşdırılmış monitorlarda isə Azərbaycanın səfalı guşələrinə həsr olunmuş videoçarxlar göstərilir.
Qeyd edilmişdir ki, yarmarkada Azərbaycan Prezidenti tərəfindən “Turizm ili” elan olunmuş 2011-ci ildə ölkəmizin turizm potensialının artırılması və bu sahədə görülmüş işlər barədə də materiallar sərgilənmişdir. Azərbaycan guşəsinə baş çəkən ziyarətçilər əsasən “Evrovision” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana səfər imkanları, ölkəmizdə tarixi abidələr və istirahət bölgələri barədə məlumatlar böyük maraq kəsb etmişdir.
Azərbaycan guşəsini seyr edən ziyarətçilər onlara təqdim olunan kataloqlardan qarşıdan gələn yay mövsümü üçün turizm paketlərini sifariş vermək və yay istirahətlərini Azərbaycanda keçirmək imkanına malikdirlər.
Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 800-dən çox şirkət iştirak edir.
Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirir.
Yarmarkaya hər il orta hesabla 150 min ziyarətçi baş çəkir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana