SİYASƏT


Azərbaycan cəmiyyətində baş verən yeniliklər, milli maraqlarımızı ifadə edən addımlar Qoşulmama Hərəkatının üzvlərindən də dəstək qazanır

Bakı, 14 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı bir sıra problemləri gündəmə gətirdi. İlk növbədə, dövlətimizin başçısı Qoşulmama Hərəkatının daha səmərəli fəaliyyət göstərdiyini və Hərəkata üzv olan ölkələrin koordinasiyasının bundan sonra da daha yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğuladı. Qoşulmama Hərəkatına üzv olan ölkələrin mövcud problemlərin həlli istiqamətində aktiv fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırıldı. Xüsusilə COVID-19 pandemiyası dövründə həmin ölkələrin birgə qarşılıqlı yardımlaşma, bir-birinə dəstəkvermə, müxtəlif təşəbbüslərlə çıxışetmə və dünya siyasətində müəyyən prinsiplərin qorunması istiqamətində atılan addımları dəyərləndirildi. Bu, olduqca vacib idi. Çünki bu platformadan Azərbaycan da ciddi şəkildə istifadə edir və buradakı dövlətlər digər bloklarda təmsil olunan ölkələrlə müqayisədə proseslərə daha obyektiv baxdıqlarını nümayiş etdirirlər.

Bunu AZƏRTAC-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat deyib: “Toplantıda dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsində bərpa-quruculuq işlərinin aparılması, proseslərin Azərbaycan dövləti tərəfindən yeni məcrada həyata keçirilməsi və bu regionun bərpası istiqamətində atılan addımların vacibliyindən bəhs edilib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təhdidlərin qarşısının alınması və bu istiqamətdə ölkəmiz tərəfindən həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb. Xüsusilə də bölgədə davamlı sülhün təmin olunması istiqamətində ən fəal rolu Azərbaycanın oynadığı qeyd edilib. Bildirilib ki, Azərbaycan tərəfindən bölgə dövlətləri ilə birlikdə kommunikasiya xətlərinin açılması və burada davamlı münasibətlərin formalaşdırılması nəzərdə tutulub”.

Prezident İlham Əliyevin yuxarıda adları çəkilən istiqamətdə atılan bir sıra addımları xatırlatmasının həm də beynəlxalq siyasətdə Azərbaycanın mövqeyinin ifadəsi və təbliği baxımından çox önəmli olduğunu diqqətə çatdıran partiya sədri bildirib ki, çünki bu münasibətlər, ilk növbədə, Azərbaycanın strateji maraqlarının daha doğru təmin olunmasına xidmət edəcək vəziyyət yaradır. Bu da Qoşulmama Hərəkatına üzv dövlətlərin müəyyən dərəcədə Azərbaycanın maraqları ilə üst-üstə düşən məsələlərin həllində, gələcəkdə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq proseslərinə cəlb olunmasında, eləcə də BMT müstəvisində koordinasiyalı fəaliyyətdə birgə əməkdaşlığa xidmət edəcək.

“Bütövlükdə dövlətimizin başçısının bu cür platformalardan çox sabit bir formada istifadə etməsi və Azərbaycanın təşkilata daxil olan dövlətlərlə ikitərəfli əməkdaşlığın ayrılıqda inkişaf etdirilməsinə xüsusi önəm verməsi ölkəmizin beynəlxalq problemlərinin həllinə xeyli kömək olur. Həmçinin Azərbaycan cəmiyyətində baş verən yeniliklər, təşəbbüslər, müəyyən dərəcədə bizim milli maraqlarımızı ifadə edən addımlar bu platformadan da dəstək qazanır. Biz bunu 44 günlük savaş dövründə daha bariz şəkildə gördük. Hərəkata üzv dövlətlər tərəfindən Azərbaycana qarşı hansısa əks addımın atılmamasını məhz bu fəaliyyətlə əlaqələndirmək olar. Çünki vaxtında məlumatlandıranda və proseslərlə bağlı doğru məlumat verəndə Azərbaycana qarşı narahatlıq doğuran addımların şahidi olmuruq. Yəni, daha çox obyektiv yanaşmanı müşahidə edirik. Qoşulmama Hərəkatının son toplantısında da Prezident İlham Əliyevin problemləri əhatəli şəkildə qabartması, onların izahını verməsi, Azərbaycanın bölgədəki rolunun nə dərəcədə artdığını çatdırması həmin dövlətlərin ölkəmizə inam və etibarının artmasına gətirib çıxaran əsas amillərdəndir”, - deyə partiya sədri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.