CƏMİYYƏT
Səhiyyə Nazirliyinin baş cərrahı: Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o Azərbaycanda icra olunmasın
Bakı, 22 sentyabr, AZƏRTAC
Bakı Ürək Mərkəzində Azərbaycan cərrahiyyəsində əldə olunan nailiyyətlərə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov və akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev və digər mütəxəssislər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov son illər Azərbaycan səhiyyəsində əldə olunan nailiyyətlərdən danışıb. Bildirilib ki, son on ildə ölkə səhiyyəsi, o cümlədən də cərrahiyyə sürətlə inkişaf edib. Hazırda Azərbaycanın ən uzaq regionlarında belə fəaliyyət göstərən tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub. 600-dən çox tibb ocağı tikilib və ya yenidən qurulub. Ölkəmizin tibbi potensialı on milyonluq əhaliyə xidmət etmək üçün tam hazırdır. Hazırda ölkədə 3445 cərrah fəaliyyət göstərir. Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o Azərbaycanda icra olunmasın. Ötən il ölkəmizdə 250616 əməliyyat aparılıb, onlardan yalnız 419-u ölümlə nəticələnib. Bu da ümumilikdə əməliyyatların 0,1 faizi təşkil edir. Bu, MDB ölkələri arasında ən aşağı göstəricidir.
Respublika Talassemiya Mərkəzində 7 ay ərzində yerli mütəxəssislər tərəfindən 8 xəstəyə ilik köçürülüb, 7 nəfərə də ilik köçürülməsi planlaşdırılır.
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev bildirib ki, dünyada laparoskopik cərrahiyyənin ən çətin əməliyyatlarından hesab olunan yemək borusu plastikası əməliyyatı 2013-cü ildən etibarən Azərbaycanda da icra olunur. Müasir cərrahiyyədə əməliyyatların mümkün qədər az travmatik olmaları üçün laparoskopiyanın imkanları getdikcə artır, bunun nəticəsidir ki, əvvəllər ölümcül fəsadları olan bir çox əməliyyatlar hazırda laparoskopik üsulla uğurla icra olunur və ən qısa zamanda xəstələr normal həyat tərzinə qayıdırlar. Müasir döş qəfəsi cərrahiyyəsində demək olar ki, hər əməliyyatın torakoskopik yolla icrası mümkündür. Bu əməliyyatlara həm divar aralığı, həm də ağciyərin öz əməliyyatları daxildir. Torakoskopik əməliyyat sonrası xəstənin reabilitasiya dövrünün daha qısa olması, əməliyyat sonrası ağrının çox az olması, estetik baxımdan iz qalmaması səciyyəvidir.
Tədbir zamanı döş qəfəsi videotorakoskopik əməliyyatlar, endoskopik qida borusu cərrahiyyəsi və digər mövzular ətrafında təqdimatlar keçirilib.