REGİONLAR


Azərbaycan çempionu ilə görüş olub

Naxçıvan, 2 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı “Turan” fitnes klubunun rəhbəri, bodibildinq üzrə ölkə birinciliyində muxtar respublikanı uğurla təmsil edən Həsənqulu Abdullayevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qazanılan uğuru yüksək qiymətləndirən Ramil Hacı son zamanlar Naxçıvan idmançılarının peşəkar yarışlarda inamla çıxış etməsinin sevindirici olduğunu deyib. Nazir bildirib ki, muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısı, yaradılan əlverişli maddi-texniki baza gənc nəslin bu istiqamətdə uğurlu karyera qurmasına böyük təkan verir. Şəhər və rayonlarımızda fəaliyyət göstərən fitnes zallarına sakinlər tərəfindən marağın böyük olmasına baxmayaraq, bodibildinq idman növündə də peşəkar idmançıların formalaşmasına ehtiyac var. Ramil Hacı bu növün planlı və strategiyalı şəkildə inkişaf etməsi üçün qazanılan təcrübənin yeni nəslə ötürülməsinin vacibliyini ifadə edib, bu yöndə lazımi dəstəyin veriləcəyini bildirib.

Göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirən Həsənqulu Abdullayev yarışa hazırlıq və yarış günü ilə bağlı təəssüratlarını bölüşüb, həmçinin məşqçilik fəaliyyətini davam etdirdiyini və muxtar respublika idmanında bodibildinqin gələcəyi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu deyib. Həsənqulu Abdullayev növbəti il keçiriləcək Avropa çempionatının onun üçün xüsusi önəm daşıdığını və Naxçıvana qızıl medal gətirmək üçün maksimum çalışacağını bildirib.

Nazir Ramil Hacı idmançıya karyerasında uğurlar arzulayaraq ona plaket və hədiyyə təqdim edib.

Xatırladaq ki, klassik bodibildinq üzrə boyu 175 santimetrdən yuxarı idmançılar kateqoriyasında ölkə birincisi olan Həsənqulu Abdullayev bu növdə Azərbaycan çempionatının mütləq qalibi adına layiq görülüb. O, bodibildinq üzrə ilk ölkə çempionluğu titulunu qazanmaqla yanaşı, yığma komandanın heyətinə cəlb olunaraq qarşıdakı Avropa çempionatında iştirak etmək hüququ əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.