İQTİSADİYYAT
Azərbaycan çevik, praqmatik siyasət sayəsində nəzərdə tutulan bütün sosial-iqtisadi proqramları uğurla icra edir
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanda son 18 il ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat 3 dəfədən çox artıb, ölkəmiz özünün nadir iqtisadi inkişaf modelini dünyaya təqdim edib. Respublikamız, eyni zamanda, maliyyə imkanlarını tarixi maksimuma çatdırıb, strateji valyuta ehtiyatları cari ilin 8 ayında 4,8 faiz (2,4 milyard ABŞ dolları) artaraq 53,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Mərkəzi Bankın ehtiyatları isə həmin dövrdə 10,6 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib. Bundan başqa, Azərbaycan Cənubi Qafqazın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.
Ötən müddətdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri reallaşdırılıb, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsini, sosial problemlərinin həllini şərtləndirib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
O, daha sonra bildirib: “Hazırda respublikamızda pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə önəmli tədbirlər gerçəkləşdirilir. Azərbaycan hökuməti tərəfindən beynəlxalq müstəvidə baş verən problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində bütün zəruri addımlar atılır.
Koronavirusla mübarizənin hələ də davam etdirildiyi bir vaxtda makroiqtisadi sabitliyin təmin olunması da diqqət mərkəzində saxlanılır. Bunun üçün, ilk növbədə, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində məqsədyönlü siyasət aparılır, mütərəqqi qanunvericilik bazası möhkəmləndirilir, bu sahəyə səmərəli dövlət dəstəyi mexanizmləri formalaşdırılır, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxan təşkilati-hüquqi modellər, o cümlədən sənaye məhəllələri, aqroparklar və biznes inkubatorlarının yaradılması davam etdirilir. Bununla yanaşı, dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar gerçəkləşdirilir. Eyni zamanda, investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq olunur”.
Emin Bağırov açıqlamasında daha sonra qeyd edib ki, ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 2014-cü ildən başlanan və bir neçə il davam edən qlobal maliyyə-iqtisadi böhrandan itkilərsiz çıxdığı kimi, hazırda koronavirusun yaratdığı problemləri də tədricən möhkəmlənən iqtisadi-maliyyə potensialı hesabına aradan qaldırmağa, iqtisadi sabitliyi qoruyub saxlamağa qadirdir.
Dövlət Statistika Komitəsinin müvafiq göstəricilərinə əsaslanan Emin Bağırov fikrini davam etdirərək vurğulayıb ki, cari ilin yanvar-oktyabr aylarında ölkədə 71 milyard 589 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri-neft-qaz sektorunda isə 5,9 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 7 milyon 148 manata bərabər olub. Belə bir dinamik inkişafa isə ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər hesabına nail olunub.
Artıq bir neçə ildir ki, ölkənin qeyri-neft sənayesində mühüm uğurlar əldə olunmağa başlanıb. Buna sənayenin inkişafına dair Dövlət Proqramının icrası önəmli təsir göstərib. Eyni zamanda, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və sair sahələrin yaradılması, müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin fəaliyyətə başlaması da sözügedən sektorun tərəqqisini şərtləndirib. Bu isə ölkənin ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımından mühüm önəm daşıyıb.
Reallaşdırılan bütün bu tədbirlərin nəticəsidir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 20 faiz artıb. Azərbaycandan 3184 çeşiddə məhsul ixrac olunub. Yanvar-avqust aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 37,4 faiz, real ifadədə 24,3 faiz artaraq 1584,5 milyon dollar təşkil edib.
Emin Bağırov açıqlamasının sonunda bildirib ki, son 18 ildə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.